Əsas fəaliyyət istiqamətləri – Azərbaycan ərazisində ilk orta əsrlər dövrü abidələrini öyrənmək məqsədilə 1975–ci ildə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunun nəzdində “ Azərbaycanın ilk orta əsrlər dövrü arxeologiyasi” şöbəsi yaradılmışdır.
1975 – 1988- ci illərdə şöbəyə tarix elmləri namizədi Rəhim Məcid oğlu Vahidov, 1988- 2004- cü illərdə tarix elmləri doktoru Aləm Bayram oğlu Nuriyev, 2005-ci ildən hazirki dövrə qədər isə tarix elmlər doktoru. professor Arif Məhəmməd oğlu Məmmədov rəhbərlik edir.
Şöbənin əsas elmi tədqiqat istiqamətləri:
– Şöbə Azərbaycan Respubilkası ərazisində ilk orta əsr abidələrinin arxeoloji qazıntı və kəşfiyyat xarakterli tədqiqatlarını həyata keçirir.
-Qafqaz Albanıyasının ilk orta əsr yaşayış yerlərini tədqiq edir.
-Qafqaz Albanıyasının xristian abidələrini tədqiq edir.
– Qafqaz Albaniyasının qəbir abidələrini (küp qəbirləri, katakombalar, daş qutular və müxtəlif tip xristian qəbirlərini ) tədqiq edir.
-Erkən İslam dövrü abidələrini tədqiq edir.
-İlk orta əsr müdafiə tikililərini tədqiq edir.
-Azərbaycanın ilk orta əsr abidələrindən aşkar olunan maddi- mədəniyyət nümunələrini tədqiq edir.
Əsas elmi nəticələri – Şöbə əməkdaşları arxeoloji ekspedisiyalarda, konfrans və digər tədbirlərdə iştirak edir, fərdi plan üzrə elmi tədqiqat işlərini yerinə yetirirlər.
R.M. Vahidov 1946- 1953 ci ildə fəaliyyət göstərmiş “Mingəçevir arxeoloji ekspedisiya”sında ekspedisiya rəhbərinin müavini vəzifəsində çalişmışdır. Əsasən Mingəçevrin ilk orta əsrlər dövrü yaşayış yerinin tədqiqi ilə məşğul olmuşdur. Sudağılan yaşayış yerindən üzərində alban yazıları olan qəbir daşları aşkarlanmış və tədqiq edilmişdir. R.M. Vahidovun rəhbərliyi ilə Govurqala ( Agdam rayonu), Torpaqqala (Qax rayonu ), Torpaqala (Tovuz rayonu), Kilsədağda, Kürmük (Qax) məbədində, Güngörməz (Şamaxı rayonu) müdafiə istehkamında həmçinin Şəki – Zaqatala bölgəsinə arxeoloji ekspedisiyalar təşkil edilmiş və yüksək elmi nəticələrə gəlinmişdir.
1950-ci ilin sonlarında Ağdam rayonu ərazisindəki Govurqala abidəsində arxeoloji qazıntılar zamanı R.M. Vahidov bir nefli monumental xristian məbədini, həmçinin VIII-X əsrlərə aid daş sənduqələrdə və sarkofaqlarda dəfn yerlərini aşkar etmişdir. R.M. Vahidov Qax rayonundakı Torpaqqala (e.ə. XV-XIV əsrlər) abidəsinin ilk orta əsrlər dövrünə aid böyük bir yaşayiş yeri olduğunu müəyyən etmişdir.R.M. Vahidov 1960- cı ildə “Mingəçevir III-VIII əsrlərdə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi adını almış, 1961 ildə eyni adli monoqrafiyanı nəşr etdirmişdir. 1974–cü ildə R.M. Vahidov Tarix İnstitutunun nəzdində Arxeologiya və Etnoqrafiya sektorunun yaradılmasının təşkilatçılarından biri olmuşdur. R.M. Vahidov eyni zamanda Azərbaycan Sovet ensiklopediyasının Azərbaycan tarixi ilə bağlı redaksiya heyətinin üzvü, ensiklopediyada qədim və orta əsrlər dövrü Azərbaycan tarixi ilə bağlı çoxlu məqalələrin müəllifi olmuşdur. R.M. Vahidov öz əsərlərində xristianlığı, ticarəti, sənətkarlığı və erkən orta əsrlər Mingəçevir əhalisinin həyatının digər aspektlərini arxeoloji materiallar əsasında araşdırmışdır. O, 2 monoqrafiyanın və 50-dən artıq elmi əsərin müəllifidir.
R.M. Vahidovun elmi rəhbərliyi ilə Nəsimi Quliyev “İlk orta əsrlərdə Qafqaz Albaniyasının ticarət əlaqələri mövzusunda” namizədlik dissertasiyasını müdafiə etmişdir.
-Şöbə rəhbəri A.B. Nuriyev (1988-2004) XX əsrin 60- cı illərində Şamaxı rayonunda Xınıslı yaşayış yerində eramızın IV-VII əsrlərinə aid qəbir abidələrində tədqiqat işləri aparmışdır. Yaşayış məskəninin ərazisindən e.ə IV I əsrlərə aid yerli zərb sayılan Selevki və Makedoniya draxmalarına oxşatma sikkələr tapılmışdı. XX əsrin 70-ci illərində Şamaxıda tədqiqat aparan A.B.Nuriyev Şəhərgah nekropolunun Saxsılı taxta yaşayış yeri sakinlərinə məxsus olduğunu müəyyən etmişdir. Abidənin kompleks materialları eramızın IV-VII əsrlərinə aiddir. A.B. Nuriyev Şamaxıda Gülüstan qalasında, Zəngilan rayonunun Şəhri- Şərifan yaşayış yerində aparılan arxeoloji qazıntılara rəhbərlik etmişdir.
XX əsrin 80–cı illərinin ortalarından başlayaraq (1984-1988) A.B. Nuriyevin rəhbərliyi ilə Bərdə şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində şəhərin antik dövrdən başlayaraq orta əsrlərdəki ictimai- siyasi vəziyyəti, memarlıq plan quruluşu haqqında məlumatlar toplanılmış, sənətkarlığa aid xeyli sayda maddi- mədəniyyət nümunələri əldə edilmişdir. Arxeoloji qazıntıların nəticələri A.B. Nuriyevin geniş elmi hesabatlarında öz əksini tapmışdir. Onun “Orta əsr Bərdə şəhəri” rus dilində adlı kitabçası, “ Bərdə şəhərinin tarixi- arxeoloji oçerki ( antik və orta əsrlər həmmüəllif ), “Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi” Qafqaz Albaniyasında sənətkarlıq (rus dilində) adlı monoqrafiyalar nəşr olunmuşdur. A.B.Nuriyev Şamaxı rayonunun Quşçu kəndindəki I Qalacıq, II Qalacıq istehkamlarında ,həmçinin Şərgah küp qəbirlərində arxeoloji tədqiqatlar aparmışdır.
A.B. Nuriyev 1966-cı ildə “Qafqaz Albanıyasının şüşə məmulatı və istehsalı tarixi” adlı dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini almışdır. Apardığı arxeoloji qazıntıların nəticələrinə və arxiv materiallarına əsasən 1990-cu ildə “Qafqaz Albanıyasında sənətkarlıq” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. A.B. Nuriyev 3 monoqrafiyanın,2 kitabçanın,110-a qədər elmi əsərin müəllifidir.
A.B. Nuriyevin elmi rəhbərliyi ilə A.M.Məmmədov, Ş.Ş.Əhmədov, Ə.H.Babayev namizədlik dissertasiyalarını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışlar. A.B. Nuriyevin rəhbərliyi ilə A.M.Məmmədov doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
2005-ci ildən hazırki dövrədək “İlk orta əsrlər dövrü arxeologiyası” şöbəsinə tarix elmləri doktoru, professor Arif Məhəmməd oğlu Məmmədov rəhbərlik edir. A.M. Məmmədov 1992-ci ildə Gəncəbasar IV-XIII əsrlərdə (tarix –arxeoloji tədqiqat) adlı namizədlik dissertasiyasi müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. O, 2005-cu ildə “Qoşqarçay və İncəçay hövzəsinin tarixi –arxeoloji tədqiqi (I -XVII əsrlər)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almış 2010–ci ildə elmi pedaqoji fəaliyyətinə görə professor elmi adına layiq görülmüşdür. İşlədiyi müddət ərzində Azərbaycanın ayri –ayri bölgələrində, o cümlədən Şortəpə ( Bərdə), Orta əsr Gəncə şəhərininin ərazisində, Babazanlı küp qəbirlər nekropolunda (Salyan), Şəhri-Sərifan yaşayış yerində (Zəngilan), Üzərliktəpə ilk tunc dövrü yaşayış yerində (Ağdam), Zurnabad qalasında (Göy göl), Şəhər burnu yaşayış yerində (Samux), Pəri qalasında (Balakən), Qız qalasında (Gədəbəy), Koroğlu qalasında (Gədəbəy), Balçılı qalasında (Göy göl), Gülüstan qalasında (Goranboy), Orta əsr Şətəl Şəhər yerində (Goranboy), Toxmaqtəpə yaşayış yerində (Tərtər), Yeddi təpə kurqanlarında (1və 2 N-li kurqan Füzuli), Kürəkçay qalasında ( Goranboy, Kərpicli yaşayış yerində ( Goranboy) Kələk kəndindəki kərpic kürəxanasında (Goranboy), Şəhriyar şəhər yerində (Biləsuvar), Qala Kafoda (Astara), Oğlanqala ( Lerik), Moran qalasında (Yardımlı) və. s. aparılan arxeoloji tədqiqat işlərinə rəhbərlik etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında İctimai elmlər üzrə ekspert komissiyasının üzvü (10 il) və sədr müavini (5 il) olmuşdur.
A.M.Məmmədovun Goranboy orta əsrlərdə ( Bakı 1990), Gəncəbasar IV-XIII əsrlərdə ( Bakı 1992), Gəncəbasarın alban dövrü xristian abidələri ( Bakı 2000), Qoşqarçay və Kürəkçay hövzələrinin tarixi-arxeoloji tədqiqi (Bakı 2001),Gəncə və onun ətrafının tarixi-arxeoloji tədqiqi (I-XVII əsrlər) (Bakı 2016), Hadrut (Bakı 2020), Qarabağ və Şərqi Zəngəzur III-XVIII əsrlərdə (Bakı 2023) adlı monoqrafiyaları nəşr olunmuşdur.
A.M.Məmmədov 6 müəlliflik şəhadətnaməsi və patentinə sahibdir. Onun indiyədək bir neçəsi xaricdə olmaqla 150-dən artıq elmi əsəri çapdan çıxmışdır. A.M. Məmmədov əsasən aşağıdakı elmi nəticələr və nailiyyətlər əldə etmişdir:
1.Bərdədə aparılan arxeoloji qazıntıların nəticələri olaraq orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir.
2.Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Gəncənin ilk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir.
3.Orta əsr Şətəl şəhərinin yeri müəyyənləşdirilmişdir.
4.Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan –Babazanlı abidəsinin 2800 illiyi ilə əlaqədar Azərbaycan Respubilkasının Prezidenti tərəfindən sərəncam imzalanmışdır.
A.M. Məmmədov Qarabağın 30 illik işğaldan azad edilməsindən sonra Laçın , Kəlbəcər, Ağdam, Füzuli, Xocalı, Xankəndi, Ağdərə, Zəngilan, Cəbrayıl rayonları və Şuşa şəhərində yerləşən arxeoloji abidələrin qeydə alınması və ilkin tədqiqat işlərinin aparılmasında əvəzsiz xidmətləri olmuşdur.
A.M. Məmmədovun elmi rəhbərliyi ilə S.K.Allahverdiyeva (Babayeva), E.C.Abbasova, V.A.Qasımlı, C.V.Bağırzadə, R.N.Rüstəmov, E.M.Aslanov, K.A.Kərimova, S.A.Quliyeva, E.V.Məmmədov, H.X.Şıxəliyev, V.Axundova, A.Əsədova, Ş.N.Quliyev, E.İ.Abbasova, D.S.Yusifova, Z.N.Qəhrəmanova, G.O.Hacıyev, L.Ş.Əhmədova, dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışlar.