İnstitutun əməkdaşı Zəfər Gününə həsr olunan seminarda məruzə ilə çıxış edib
2025-ci il noyabrın 6-da Xəzər Universitetində Tarix və Arxeologiya Departamenti və Tolerantlıq Evinin birgə təşkilatçılığı ilə “Zəfər günü: tarixi yaddaş və milli kimlik” adlı seminar keçirilmişdir. Tədbir, Vətən müharibəsində əldə olunmuş tarixi qələbənin beşinci ildönümünə həsr olunub. Seminar iştirakçıları arasında tarixçi alimlər, tələbələr və ictimaiyyət nümayəndələri yer almışdılar.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov “Qarabağda bərpa olunan arxeoloji tədqiqatlar: tarixin zəfərlə yenidən yazılması” mövzusunda məruzə ilə çıxış etmişdir. O, Qarabağ ərazisində aparılan yeni arxeoloji araşdırmaların elmi və mədəni əhəmiyyətindən bəhs etmiş, bu tədqiqatların Azərbaycanın qədim tarixinin daha dolğun şəkildə öyrənilməsinə verdiyi töhfələri vurğulamışdır.
Seminarda Xəzər Universitetinin rektoru Raziyə İsayeva, Tolerantlıq Evinin rəhbəri Fatma Paşazadə, Xəzər Universitetinin Tarix və Arxeologiya Departamentinin müdiri dosent Dr. Telman Nüsrətoğlu, müəllim Dr. Rüxsarə Quliyeva, Azərbaycanın dini icmalarını təmsil edən şəxslər – Milix Yevdayev (Dağ Yəhudiləri İcmasının sədri), Bəxtiyar Nəcəfov (Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İrəvan qazısı), Robert Mobili (Alban-Udi İcmasının sədri), Toral Ağayev (Roma-Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi) çıxışıb etdilər.
Daha sonra yazıçı İlqar Kamilin şəhid leytenant Murad Nağıyevin həyatına həsr olunmuş “9-cu Mərtəbə” adlı romanının təqdimatı keçirildi.
Seminarda həmçinin qazilər və şəhid ailələrinin nümayəndələri də iştirak etmiş, onların duyğulu çıxışları tədbirə xüsusi emosional çalar qatmışdır. Bu görüş, yalnız elmi müzakirə platforması olmaqla kifayətlənməyib, həm də milli birlik və tarixi yaddaşın təntənəli şəkildə yaşadıldığı bir tədbirə çevrilmişdir.










