İnstitutumuzun böyük elmi işçisi Lola Hüseynova Türkiyənin Yunus Emre İnstitutunun təşkil etdiyi Arxeoloji Yay Məktəbində uğurla iştirak etmişdir.

İyul ayı ərzində keçirilən yay məktəbi çərçivəsində iştirakçılar Türkiyənin qədim tarixini, zəngin arxeoloji irsini,  mədəniyyətini və incəsənətini yaxından tanımaq imkanı əldə etmişlər. Proqram çərçivəsində iştirakçılar Çanaqqala, İzmir, Qaziantep, Şanlıurfa, Ankara və İstanbul şəhərlərini ziyarət etmiş, Göbəklitəpə, Efes, Karahantəpə, Troya və Gordion kimi məşhur arxeoloji qazıntı sahələrində olmuşlar.

Bundan əlavə, 20-yə yaxın muzey, 10-a yaxın böyük qazıntı sahəsi, Bosfor körfəzi və Mərmərə dənizi turu, eləcə də “İrfan Sofrası” kimi mədəni proqramlar vasitəsilə Türkiyənin müxtəlif dövrlərə aid irsi ilə tanışlıq təmin olunmuşdur.

Yay məktəbinin bağlanış mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Yunus Emre İnstitutun Başkanı Prof. Dr. Abdurrahman Aliy iştirak etmişlər. Tədbirin açılış hissəsində “Sarı gəlin” mahnısının sədaları altında təqdim olunan Azərbaycan rəqsi xüsusi maraqla qarşılanmışdır.

Proqrama 20 ölkədən – o cümlədən, Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna, Polşa, Hindistan, Misir, Efiopiya, Tunis, Danimarka, Kanada, Meksika, Makedoniya, İran və Albaniyadan gəlmiş arxeoloq, tarixçi, epiqraf və numizmatlar qatılmışdır.

Yay məktəbinin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunmuş, yeni elmi və akademik əməkdaşlıqların əsasları qoyulmuşdur.