AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Hüseynova Lola və Mehdiyeva Zümrüd Qazaxıstanın Semey şəhəri yaxınlığında yerləşən Kokentau arxeoloji kompleksində keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər. Yay məktəbi Qazaxıstan Milli Elmlər Akademiyasının A.X. Marqulan adına Arxeologiya İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdur.

Tədris proqramı alaçıq (yurt) şəraitində dərslər və sahə təcrübəsini birləşdirən iki mərhələdən ibarət olmuşdur. Yay məktəbi çərçivəsində iştirakçılara Şərqi Qazaxıstan Tarix-Diyarşünaslıq Muzeyinin tarixçi-arxeoloqu, t.ü.f.d. Andrey Puşkarev və A.X.Marqulan adına Arxeologiya İnstitutunda Geomatika və Rəqəmsal Arxeologiya Bölməsinin müdiri Qalımjan Kiyasbekuli tərəfindən mühazirələr təqdim olunmuşdur.

Təlim zamanı müasir texnologiyalara əsaslanan maqnitometr-qradometr (Geodevice Maximag), GNSS qəbulediciləri (Leica GS 16 baza və GS 18 rover) və pilotsuz uçuş aparatı olan DJI Mavic 3 Enterprise kvadrokopteri ilə işləmə bacarıqları praktiki olaraq tətbiq edilmişdir. İştirakçılar yeraltı arxeoloji obyektlərin qeyri-invaziv şəkildə tədqiqi, sahədə yüksək dəqiqliklə koordinat ölçmələri, həmçinin havadan çəkilişlər vasitəsilə ortofotoplan və 3D modellərin hazırlanması texnikasını mənimsəmişlər. Yay məktəbi çərçivəsində iştirakçılar sahənin maqnit təsvirinin də müstəqil şəkildə yaradılması təcrübəsinə yiyələnmişlər.

Arxeoloji yay məktəbində Rusiya, Belorusiya, Qazaxıstandan olan arxeoloq və tarixçılər yer alıb.

Təlimin sonunda iştirakçılar A.X. Marqulan adına Arxeologiya İnstitutunun direktoru Akan Onqaruli tərəfindən sertifikatlarla təltif olunmuşlar.

Bu təcrübə institut əməkdaşlarının sahə tədqiqatlarında müasir metod və texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarını daha da artırmaqla yanaşı, beynəlxalq elmi əməkdaşlıqların inkişafına da töhfə vermişdir.