İnstitutun Qadınlar Şurasının heyəti Elm gününə həsr edilmiş tədbirdə iştirak etdi
Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində göstərilən qayğının bariz nümunələrindən biridir.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının 2025-ci ilin mart ayında Elm günü ilə əlaqədar tədbiri keçirilmişdir. Tədbirdə AMEA Qadınlar Şurasının sədr müavini Tubuxanım Qasımzadə, giriş sözü ilə çıxış edərək AMEA Qadınlar Şuralarının işindən, qadınların fəaliyyətindən, əldə olunmuş nailiyyətlərdən danışdı. Xüsusilə arxeoloq qadınların işlərinin çətinliyinə və maraqlı olmağına toxunan natiq xanım onlara müvəffəqiyyətlər arzuladı.
Sonra söz AMEA Arxeologiya və Antropologiya İnstitutunun Qadınlar Şurasının sədri t.e.d. Vəfa Mahmudovaya verildi. V. Mahmudova hər il ənənəvi olaraq keçirilən tədbirdə həm Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü (11 fevral), həm Beynəlxaq Qadınlar günü (8 Mart), həm də Elm günü münasibətilə qadın kollektivini təbrik etdi. O, təmsil etdiyi qurumun qadın kollektivinin gördüyü işlərdən, əldə olunmuş nailiyyətlərdən söz açdı. Sonra İnstitutun əməkdaşları T. Alıyeva, S. Hüseynova, L. Hüseynova, I. Sadıqova, Fəlsəfə, Coğrafiya, Şərqşünaslıq İnstitutlarının Qadınlar Şurasının sədrləri çıxış etdilər.
Tədbirə hörmətli AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova öz təbriklərini göndərdi. Qarşılıqlı olaraq tədbir iştirakçıları akademik İ.Hüseynovaya səmimi təbriklərə görə təşəkkürlərini bildirdilər.





