AMEA Arxeologiya və Antropologiya İnstitutunda təqvim planına uyğun olaraq şöbə və sektorların illik elmi-tədqiqat fəaliyyətlərinin hesabatlarının təqdimatı keçirildi.
Noyabrın 25-də “Orta və Son tunc dövrü arxeologiyası” sektorunun hesabat tədbirində əsas diqqəti il ərzində əməkdaşların iştirak etdiyi iki çöl-tədqiqat ekspedisiya barədə məlumat çəkmişdir: “Naftalan-Goranboy arxeoloji ekspedisiyası” (rəis Müzəffər Hüseynov); 2) “Gədəbəy arxeoloji ekspedisiyası” (rəis Tükəzban Alıyeva). Sektorun bəzi əməkdaşları fərdi planda nəzərdə tutulduğundan əlavə məqalə, kitab və tezislər nəşr etdirmişlər.
Sektorun baş elmi işçisi, t.e.d., prof. Hidayət Cəfərov İnstitutda fəaliyyət göstərən arxeoloji ekspedisiyaların çöl tədiqatlarının monitorinq qrupunun tərkibində səfər etdikləri arxeoloji qazıntılar haqqında geniş məlumat vermişdir.
“Dəmir dövrü arxeologiyası“ şöbəsində keçirilmiş hesabat tədbirində cari il ərzində şöbənin reallaşdırdığı Azərbaycan-Koreya-İsveçrə (Füzuli rayonu, Yedditəpə dəmir dövrü abidəsi, 4 saylı kurqan) və Azərbaycan-Qazaxıstan-Türkiyə beynəlxalq arxeoloji ekspedisiyalarının (İmişli rayonu, Qızlkənd, Yedditəpə abidəsi, 7 saylı kurqan) (rəis Zaur Həsənov), Şəmkir rayonu “Qaracəmirli və ətrafı: Azərbaycan-Almaniya“ beynəlxalq və Yardımlı rayonu, Urakəran kəndi, Bilgə nekropolu, “Seyidin yeri” yaşayış yeri və Gilar kəndində Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyalarının (rəis Ceyhun Eminli) və Antik Naxçıvan arxeoloji ekspedisiyanın (Meydantəpə antik dövr yaşayış yeri, rəis Əkbər Bədəlov) əldə etdiyi elmi nailiyyətlər haqda danışıldı.
Sonra şöbə əməkdaşları il ərzində nəşrə hazırlanmış elmi işlər, xaricdə nəşr olunmuş əsərlər, gənc alimlərin hazırlanması, beynəlxalq layihə və konfranslarda iştirakları haqqında hesabat təqdim etmişlər.
“Elmi fond və ekspozisiya” şöbəsinin illik hesabatında „Azərbaycanın daş dövrü abidələrinin arxeoloji tədqiqi“ mövzusu üzrə Qazax və Ağstafa rayonları ərazisində Qazax paleolit arxeoloji ekspedisiyası (rəis Yaqub Məmmədov) arxeoloji kəşfiyyat işləri barədə danışılıb. Şöbənin əməkdaşları müxtəlif arxeoloji ekspedisiyaların elmi heyətinin tərkibində çalışmış, respublika və beynəlxalq miqyaslı konfranslarda iştirak etmiş, elmi jurnallarda, o cümlədən, impakt-faktorlu jurnallarda onların məqalələri dərc edilmişdir. Şöbə əməkdaşı Y.Məmmədovun həmmüəllifliyi ilə İngiltərədə monoqrafiya nəşr olunub.
Antropologiya şöbəsinin 2024-cü ildə aparılmış tədqiqatlar haqqında 26 noyabr tarixli hesabat iclasında şöbə müdiri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli çıxış edərək il ərzində şöbə işçilərinin fərdi planlarının yerinə yetirilməsi haqqında məlumat vermişdir. Antropologiyanın müxtəlif sahələrinə həsr olunan məqalə və mətnlər elmi işçilər tərəfində yazılmış və şöbəyə tədqim edilmişdir. Yerinə yetirilmiş plan işləri Azərbaycanda antropologiyanın müasir durumu və prioritet inkişaf istiqamətləri, Azərbaycan əhalisinin həyatında sosio-mədəni dəyişikliklərin antropoloji aspektlərinə, etnik azlıqların elmi tədqiqi ilə bağlı məsələlər və onların həllində beynəlxalq təcrübəyə, miqrasiya, uşaq tərbiyəsinin və s. məsələlərə həsr olunmuşdur. Şöbənin fiziki antropologiya laboratoriyasının əməkdaşları Azərbaycanda aparılan arxeoloji qazıntılarda iştirak etmiş və aşkar olunmuş antropoloji materialların təhlilini aparmışlar. Bu işlər arasında Qəbələdə Səlbir antik və orta əsr dövrü yaşayış yerində, Xocalı arxeoloji ekspedisiyası zamanı son tunc-erkən dəmir dövrünə aid nekropol və kurqan sahəsində, Ağstafa rayonunda “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji ekspedisiyaları, həmçinin, Məhkəmə arxeologiyası üzrə aparılan tədqiqatları qeyd edildi. Həmçinin, hesabatda paleogenetik tədqiqatlar və təlimlər üzrə məlumatlar diqqətə çatdırıldı.
“Xəzər arxeologiyası” şöbəsində dinlənilən hesabat zamanı şöbənin apardığı tədqiqatlar barədə geniş məlumat verildi. Hesabatda göstərildi ki, şöbə əməkdaşlarının iştirak etdiyi Xəzər arxeoloji ekspedisiyası (rəis Abbasa Seyidov) Abşeron yarımadasının Xəzər rayonu ərazisinə düşən Zirə və Pirallahı adaları istiqamətində, orta əsrlərə aid tarixi Şəhri-Gürganda arxeoloji kəşfiyyat işləri aparıb. AMEA Rəyasət Heyətinin bu il sentyabrda keçirilən geniş iclasında şöbənin çöl-tədqiqat işləri barədə hesabat xarakterli məruzə qənaətbəxş hesab olunaraq qəbul edilmişdi.
Daş dövrü arxeologiyası şöbəsinin müdiri, t.e.d., professor Əsədulla Cəfərovun təqdim etdiyi hesabata görə, tədqiq olunan elmi problemlərdən birincisi “Azərbaycan Respublikası ərazisində daş dövrü abidələrinin elmi tədqiqi” idi. Bu problemə uyğun olaraq şöbə əməkdaşları respublikamızın ərazisində Cənubi Qafqazda, həmçinin Yaxın Şərqdə paleolit, mezolit və neolit dövrlərinə aid qeydə alınmış maddi-mədəniyyət qalıqlarının elmi tədqiqi ilə məşğul olurlar. 2024-cü ildə daş dövrü arxeologiyası şöbəsinin qeyd olunan probleminin tədqiqi ilə 3 elmi əməkdaş: Ə.Q.Cəfərov, M.M.Mənsurov, Ə.Babazadə elmi tədqiqat işləri aparmışlar. Aparıcı elmi işçi Mənsur Mənsurov Avey dağları ərazisində (Qazax rayonu) arxeoloji qazıntılarda iştirak etmişdir. Şöbə rəhbəri Ə.Q.Cəfərov fərdi plan işinə və əmək müqaviləsinə uyğun olaraq “Qarabağın arxeoloji mədəniyyətləri”, “Qobustanın arxeoloji mədəniyyətləri”, M.M.Mənsurov 2024-cü il fərdi plan və əmək müqaviləsinə uyğun olaraq “Qərbi Azərbaycan paleolitinin xüsusiyyətləri” adlı monoqrafiyalar üzərində elmi tədqiqat işləri aparmışlar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2021-ci ildə rus dilində çap olunmuş Hüseynov M.M, Əliyev C.D, Veliçko A.A, Hacıyev D.V, Cəfərov Ə.Q, Məmmədov Ə.V, Süleymanov M.B, Şirinov N.Ş ‘‘Azıx mağarası : Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi‘‘ adlı 30 ç.v həcmində monoqrafiya ingilis dilinə tərcümə olunaraq min nüsxə çap edilmişdir. Şöbə əməkdaşları respublika və beynəlxalq qrant layihələrinə üzv olmuş, elmi dərgilərdə məqalələri dərc edilmişdir.
“İslam dövrü arxeologiyası” şöbəsinin hesabat tədbirində Bakıda (Zərgərpalan hamamı) aparılmış arxeoloji tədqiqatlar (rəis Qafar Cəbiyev) barədə məlumat verilib. Şöbə əməkdaşları tərəfindən il ərzində 2023-cü ilin tədqiqatlarına dair 3 hesabat hazırlanıb. Əməkdaşlar tərəfindən il ərzində fərdi planlarda nəzərdə tutulan 15 məqalə və 5 tezis çap olunub, il ərzində şöbə əməkdaşları tərəfindən işlənilən 3 kitab, 1 ədəd təlimat nəşr edilib. Şöbə əməkdaşları Azərbaycan, Türkiyə, Estoniya və Qazaxıstanda keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.
“İlk orta əsrlər arxeologiyası” şöbəsinin 27 noyabr tarixində təqdim etdiyi hesabatında qeyd edildi ki, şöbənin əsas arxeoloji qazıntı işlərini Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunun “Şəhri-Şərifan” orta əsr yaşayış yeri ərazisindəki Şəhri-Şərifan türbəsində aparmışdır (rəis Arif Məmmədov). Aparılan tədqiqatlar zamanı abidənin dini memarlıq xarakterli qəbirüstü xatirə abidəsi-Türbə olduğu qənaətinə gəlinmişdir. Abidənin Naxçıvandakı Qarabağlar türbəsi ilə oxşarlıqlarının olduğu göstərilmişdir. Abidənin giriş qapısının müəyyənləşdirilməsi bir neçə ədəd əbcət hesabı olduğu ehtimal edilən daş plitələr üzərində işarələrinin olması, türbənin tavan hissəsində üzü aşağıya doğru yerləşdirilmiş, nəmliyin çəkilməsinə və əks-səda yaradılması üçün saxsı küplərin yerləşdirilməsi mühüm tapıntılar hesab edilə bilər. Həmçinin Laçın rayonunun Hətəmlər kəndində, Salyan rayonunun Yeni Uluxanlı kəndində elmi ezamiyyələrin nəticələrinə dair hesabatlar hazırlanmışdır.
“Neolit və Xalkolit dövrü arxeologiyası” şöbəsində 2024-cü ildə üç arxeoloji ekspedisiya: 1) “LKREP” lahiyəsi çərçivəsində Azərbaycan-Almaniya beynəlxalq “Qarabağ neolit-xalkolit ekspedisiyası” (həmrəislər Xəqani Alməmmədov və Mark İzerlis), “Muğan neolit-xalkolit ekspedisiyası” (rəis Vəfa Mahmudova) və Abşeron (rəis İdris Əliyev) arxeoloji ekspedisiyalarıdır. Qarabağ neolit-xalkolit ekspedisiyasının bu ilki qazıntıları Canavartəpə xalkolit dövrü yaşayış məskənində aparılmışdır. Ən çox maraq doğuran tapıntı nümunələri xalkolit dövrünə aid kretulalardır. C14 analizlərinin nəticələri bazasında Qarabağda neolit və xalkolit dövrü abidələrinin mütləq xronoloji çərçivəsi müəyyən edilmiş, saxsı məmulatı statistik və texnoloji baxımdan öyrənilmiş, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar aparılmışdır. “Muğan neolit-xalkolit ekspedisiyası” Paşatəpə neolit dövrü yaşayış məskənində (Cəlilabad rayonu) arxeoloji tədqiqatlar zamanı çiy kərpicdən tikililər, külli miqdarda əmək alətləri, gil sapand mərmiləri, bitki tərkibli çəhrayı və boz rəngli saxsı qab fraqmentləri tapılmışdır. Abşeron arxeoloji ekspedisiyası (rəis İdris Əliyev) Ramanı qalası ərazisində aparılmış, qazıntılar nəticəsində əldə edilmiş tapıntılar sırasında 9-13 əsrlərə aid saxsı məmulat qalıqları xüsusi maraq kəsb edir.
Şöbə əməkdaşları respublikanın və müxtəlif ölkələrin elmi jurnallarında məqalələri dərc edilmişdir.
“Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması” şöbəsi fərdi planlar əsasında yekun hesabat iclasında şöbə əməkdaşları tərəfindən Astara rayonunun Alaşa kəndində Əlişa qalasında aparılan növbəti arxeoloji tədqiqatlar (rəis Mikayıl Mustafayev), respublika üzrə tikinti sahələrində aşkar edilmiş tapıntıların monitorinqi, şöbə üzvlərinin iştirak etdiyi arxeoloji tədqiqatlar barədə geniş məlumat verildi, tədqiqatları əks etdirən video- və fotomateriallar nümayiş edildi. Şöbə hesabatında Cənub-Şərqi Azərbaycanın arxeoloji abidələrinin toplusu kitabının çapa hazırlanmasını və AR Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması xidmətinin nümayəndələri ilə birgə həyata keçirilən tədqiqatlar, o cümlədən, Bakı şəhərinin Yasamal rayonu ərazisində aparılan söküntü işləri zamanı aşkar olunan orta əsrlərə aid su quyularına baxışın keçirilməsi vurğulanmışdır. Hesabatda 19 aprel 2024-cü ildə şöbə tərəfindən “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş elmi seminarın keçirilməsi barədə də məlumat əks olunub.
“Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin illik hesabatında şöbə əməkdaşlarının rəhbərlik etdiyi dörd ekspedisiya – Xaraba Gilan şəhər yeri arxeoloji ekspedisiyası (rəis Bəhlul İbrahimli), Şəmkir arxeoloji ekspedisiyası (rəis Tarix Dostiyev), Beşbarmaq arxeoloji ekspedisiyası (rəis Sevinc Hüseynova) və Ağdam arxeoloji ekspedisiyası (rəis Pərviz Qasımov) – barədə ətraflı məlumat təqdim edildi.
Hesabatda qeyd edilmişdir ki, Xaraba Gilan şəhər yeri ətrafında – Mərdangölü, Muncuqlutəpə nekropollarında xilasetmə işlərini tamamlanmış, şəhər yeri ərazisindəki İkinci memorial kompleksdəki 1 saylı türbənin qalıqlarında tədqiqat işləri aparmışdır. Tədqiqatlar nəticəsində türbənin XIII əsrin son rübü və XIV əsrə aid olduğu dəqiqləşdirilmişdir. BBC kanalından gəlmiş işçi qrup tanınmış tarixçi jurnalist Bettani Hyuzun rəhbərliyi və arxeoloq Joch Grant iştirakı ilə Plovdağ və Muncuqlutəpə abidələrində çəkiliş aparmışdır. Arxeoloji qazıntıları və tapıntıları əks etdirən material BBC kanalının çəkdiyi “Azərbaycanın dəyərləri” filmində yer alacaqdır. Şöbə əməkdaşları xaricdə keçirilən 7 beynəlxalq konfrans, konqres və simpoziumda iştirak edib. Şöbə üzvlərinin nəşr və dərcləri sırasında 1 kitab, xaricdə nəşr olunmuş 1 kitab fəsli, xarici elmi jurnallarda 8 məqalə dərc edilmiş, 1 məqalə toplusu və 2 monoqrafiya nəşrə hazırlanmışdır.
Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin illik hesabat iclasında şöbə əməkdaşlarının iştirakı ilə hesabat ilində aparılmış arxeoloji qazıntıların hesabatları təqdim edilib. Şöbə müdiri, dosent B. Cəlilovun rəhbərliyi ilə Ağstafa rayonu ərazisinə ezam edilmiş arxeoloji ekspedisiya paralel olaraq iki sahədə, Tavatəpə qədim yaşayış yerində və Keşikçidağ kurqanlarında qazıntı işləri aparıb. Tavatəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı Son tunc-ilk dəmir dövrünə aid unikal İbadətgah yeri aşkar edildiyi qeyd edilib. Bununla yanaşı Keşikçidağ Dövlət Tarix və Mədəniyyət qoruğu ərazisində aparılan arxeoloji qazıntılar zamanı Candargöl və Sarısoy kurqanlarında aparılana arxeoloji qazıntıların hesabatı verilib. Daha sonra şöbənin elmi işçisi L. Hüseynovanın rəhbərliyi ilə Çovdar FES-də kurqan tipli abidədə aparılan arxeoloji qazıntının hesabatı təqdim edilib. Son tunc-ilk dəmir dövrünə aid edilən arxeoloji abidələrin tədqiqinin Xocalı-Gədəbəy mədəniyyəti daşıyıcıları tayfalarının təsərrüfat həyatı, məişəti və dini dünya görüşlərinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanıb.
Şöbə əməkdaşlarının iştirakı ilə həyata keçirilən qrant layihələri və beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verilib. Şöbə əməkdaşlarının İtaliya, Türkiyə, Almaniyanın müxtəlif elmi qurumlarının əməkdaşları ilə birgə tədqiqatlar aparıldığı qeyd edilib.
Hesabat ilində şöbə əməkdaşlarının 12 məqaləsinin nəşr edildiyi, onlardan 6 xaricdə, o cümlədən 5-nin impakt faktorlu jurnallarda nəşr edildiyi diqqətə çatdırılıb.
Arxeoloji texnologiya və ölçü-layihə şöbəsində 28 noyabr tarixində keçirilmiş iclasda iki mövzunun il ərzində əsas tədqiqat istiqaməti olduğu vurğulandı: “Naxçıvan MR arxeoloji tədqiqi” və “Azərbaycanın paleolit abidələrinin arxeoloji tədqiqi”. Birinci mövzu üzrə Naxçıvan MR Şahtaxtı arxeoloji abidələr kompleksində (rəis Qəhrəman Ağayev), ikinci mövzu istiqaməti üzrə Mingəçevir su anbarının sahilində yerləşmiş Qaraca paleolit düşərgəsində (rəis Azad Zeynalov) aparılmış ekspedisiyalar barədə məlumat verilmişdir. Cari il ərzində şöbə əməkdaşları tərəfindən 17 elmi məqalə çap edilmiş, 6 məqalə çapa verilmişdir.
Etnoarxeologiya şöbəsinin 29 noyabr tarixində hesabatında İnstitutun baş planına uyğun olaraq nəzərdə dörd mövzu (“Qərbi Azərbaycan abidələrinin arxeoloji tədqiqi”, “Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi”, “Qarabağ bölgəsinin arxeoloji tədqiqi”, “Azərbaycanda antropoloji tədqiqatlar”) üzrə elmi fəaliyyətlərini davam etdirmişlər. Arxeoloji qazıntılar aparmaq və qazıntılardan əldə edilən artefaktların kameral işlənməsi, elmi məqalələr nəşr etdirmək, arxeoloji qazıntılar əsasında ibtidai icma və erkən sinifli cəmiyyət dövrü sakinlərinin mənəvi mədəniyyətini və dini dünyagörüşü məsələlərini aydınlaşdırmaq, neolit, xalkolit və tunc dövrlərində əhali məskunlaşması probleminin tədqiqi və s. bu kimi məsələlər şöbə əməkdaşlarının qarşısında duran əsas tədqiqat vəzifələri olmuşdur ki, bütün bunların da il ərzində icrası təmin edilmişdir. Cari ildə şöbə əməkaşlarının 22 elmi məqaləsi nəşr olunmuş və onlardan 4-ü xariсdə yüksək indeksli elmi jurnalda çap edilmişdir.
“Tunc dövrü arxeologiyası” şöbəsinin keçirilmiş hesabatında Şabran arxeoloji ekpedisiyası (Aygünlü kəndi, II Çaqqallıtəpə abidəsi), II Kültəpə (Naxçıvan MR, Babək rayonu) qədim yaşayış yerində arxeoloji qazıntılar aparmış Azərbaycan – Almaniya birgə ekspedisiyası, “Beşbarmaq” arxeoloji ekpedisiyası (Beşbarmaq Dağı Tarix, Mədəniyyət və Təbiət qoruğu) (rəis Səfər Aşurov), Səfər Aşurovun iştirak etdiyi Azərbaycan – Türkiyə birgə ekspedisiyası (Iğdır ili mərkəz, Karakoyunlu və Aralık İlçeleri) barədə məlumatlar dinlənildi.
Şöbə müdiri Səfər Aşurov Napoli Universitetinin “Bronze working Centres of Eurasia from the Late 2nd Millennium BC to 539 BC” vebinarda “Metalwork of the Chovdar Necropolis”, “Arxeoloji Turizm və Dayanıqlı İdarəetmə” mövzusunda Beynəlxalq Konfransda “Xocalı-Gədəbəy mədəniyyəti abidəsi: Çovdar nekropolu” məruzəsi ilə çıxış etmişdir. Şöbə əməkdaşlarının elmi məqalələri respublika və xarici ölkə elmi jurnallarında dərc edilib.
Antik dövr və Alban arxeologiyası şöbəsinin illik hesabat yığıncağında şöbənin “Şimal-qərbi Azərbaycanın”, “Qarabağ ərazilərinin” və “Gəncə-Qazax bölgəsinin” arxeoloji tədqiqi istiqamətləri üzrə tədqiqatlar aparmışdır. “Qafqaz Albaniyası maddi-mədəni irisinin arxeoloji tədqiqi ekspedisiyası” (rəis Natiq Alışov) Kilsədağ (Qəbələ rayonu, Böyük Əmilli kəndi) məbəd kompleksi, Hadrut qəsəbəsi və ona bitişik kəndlərdə yerləşən alban xristian irsi abidələrində (Xocavənd rayonu), Xocavənd rayonu Tuğ Dövlət Tarix, Memarlıq və Təbiət Qoruğunda tədqiqatlar aparmışdır. Şöbə əməkdaşları müxtəlif arxeoloji ekspedisiyaların elmi heyətinin üzvləri olmuş, respublikada və xaricdə nəşr edilən elmi jurnallarda onların elmi məqalələri dərc edilmişdir.
Numizmatika və Epiqrafika şöbəsinin hesabatında Zəngilan rayonunda Şərifan türbəsində tədqiqat zamanı aşkar olunmuş epiqrafik nümunələr, saxsı parçası üzərində və türbənin mehrabı, Ağdam rayonu ərazisində aparımış arxeoloji qazıntılarda (dəstə rəhbəri Taleh Əliyev) aşkar olunmuş saxsı parçası üzərində yazı nümunələri tədqiqata cəlb edilmişdir. Şöbənin əməkdaşı, f.ü.f.d., dosent Elnur Mustafayev cari ildə Şuşa, Ağdam və Zəngilan rayonlarına elmi ezamiyyələrdə olmuş, bir sıra epiqrafik abidələri elmi tədqiqata cəlb etmiş, onların üzərində olan yazıları oxumuşdur. Cari ildə şöbə əməkdaşlarının Azərbaycan elmi jurnalları ilə yanaşı Türkiyə, Ukrayna, Rusiya və Özbəkistanda elmi məqalələri nəşr olunmuşdur. Sonda hesabat komissiyası qarşısında Azərbaycanın epiqrafik abidələri ekspedisiyasının yaradılması haqqında təklif irəli sürülmüşdür.
Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin illik hesabatında cari ilin iyul ayında Təvəkkül Əliyevin rəhbərlik etdiyi ekspedisiya Şahbulaq məscidi ətrafında (Ağdam rayonu) tədqiqatlara yekun vurmuşdur: məscidin cənub-qərb ətrafında mühafizə divarları, mülki tikili qalıqları, təndir və ocaq yerləri açılmış, orta əsrlərin ayrı-ayrı mərhələlərinə, o cümlədən Xanlıqlar dövrünə aid saxsı, metal və şüşə məmulatı nümunələri aşkar edilmişdir. Qalanın şərq hissəsində qoyulan yoxlama şurf Erkən Orta əsrlərə aid zəngin materiallarla əlamətdar olmuşdur. Bundan sonra Şahbulaq ərazisində tədqiqatları daha da genişləndirmək qərara alınmışdır. Oktyabr – dekabr ayları ərzində Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə Şahbulaq Abidələr Kompleksində arxeoloji qazıntılara başlanılmışdı (rəis Təvəkkül Əliyev, dəstə rəisi Taleh Əliyev).
Şöbədə ölkə ərazisində aparılan çöl tədqiqatlarının nəticələrinə həsr olunmuş 30-dan artıq hesabat müzakirə edilmiş və sənədləşdirilmişdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan tədqiqatlarla bağlı bir sıra hesabat və arayış hazırlanaraq müdriyyətə təqdim olunmuşdur. Cari ildə şöbə əməkdaşları bir kitab və 7 məqalə nəşr etdirmişlər. Əməkdaşlar həmçinin il boyu müxtəlif respublika və beynəlxalq konfranslarda iştirak etmişlər.
Hesabat tədbirlərində şöbələr və sektorlar təqvim planı üzrə il ərzində gerçəkləşdirdikləri fəaliyyətlərini əks etdirən elektron təqdimatlar nümayiş etdirdilər. Hesabatların təqdimatında İnstitutun Elmi işlər üzrə direktor müavini, t.e.d. Zaur Həsənov və Elmi katib, t.ü.f.d. Ellada Bəkirova iştirak etmişlər.

English





