İtaliyada Qafqaz Albaniyası haqqında kitab nəşr olunub
İtaliyada “Qafqaz Albaniyası itmiş çarlıq. Azərbaycanda və Şərqi Qafqazda tədqiqatlar və kəşflər” kitabı nəşr edilib.
AZƏRTAC xəbər verir ki, 2017-2021-ci illərdə İtaliyanın ölkəmizdə səfiri olmuş Auqusto Massari tərəfindən qələmə alınmış kitabda Qafqaz Albaniyası dövləti haqqında ətraflı məlumat verilir. İtalyan dilində yazılmış kitab 466 səhifə və 68 illüstrativ fotodan ibarətdir. Kitabın yazılmasında əsas məqsəd Qafqaz Albaniyası dövlətinin tarixi, arxeologiyası, memarlığı və s. haqda məlumatların İtaliya və Avropanın digər ölkələrinin oxucu kütləsinə çatdırılmasıdır. Giriş və 13 fəsildən ibarət olan kitabda Qafqaz Albaniyası ilə Roma imperiyası arasındakı əlaqələrdən tutmuş işğalçılar tərəfindən işğal dövründə Qarabağda müsəlman qəbirlərinə qarşı törətdikləri vandalizm aktlarına dair faktlar öz əksini tapıb.
Kitabın ərsəyə gəlməsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Antik dövr və Alban arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov yaxından kömək göstərib. Şöbə müdirinin səfirlə birgə İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Gədəbəy və Qarabağ bölgələrinə səfərləri təşkil edilib. Həmin regionlarda Qafqaz Albaniyasına aid yaşayış yerlərinə, arxeoloji tədqiqat sahələrinə, məbədlərə, alban xristian irsi və memarlıq abidələrinə birgə baxış keçirilib və dolğun məlumatlar əldə olunub.
Kitabda Şabran, Dərbənd, Ağdaş, Naxçıvan, Bərdə, Ağdam regionunda mövcud alban irsi, tarixi fakt və mülahizələri səfir Auqusto Massarinin müstəqil fəaliyyətinin nəticəsi olaraq təqdim edilir.
Müəllif Qafqaz Albaniyası barədə tarixi faktların araşdırılmasında iki mühüm tarixi faktı əsas götürmüşdür. Birincisi, Qafqaz Albaniyası ilə Roma imperiyası arasında baş vermiş qarşıdurma məkanı və ikincisi, xristianlığın yayılmasında həvari Yeliseyin keçdiyi marşrutun araşdırılması.
Səfirin bu istiqamətdə fəaliyyəti 44 günlük Vətən müharibəsini və 2021-ci il əhatə etdiyindən onun Qarabağ və Şərqi Zəngəzurda fəaliyyəti, Şuşa, Fizuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər və Ağdam rayonlarının əhatə etmişdir. Əsərinin XIII fəslini Auqusto Massari, heç vaxt olmadığı Ağdərədə Müqqədəs Yeliseyin qəbri və alban çarı III Vaçaqanın məzarı, Xocavənddə Amaras monastrında alban kilsəsinin ilk başçısı Qriqorisin məzarı, Ağdamda (Şahbulaqda) Alban kilsəsinin ilk məclisini keçirildiyi Aquyen (Aluyen) və Ağdərədə 1836-cı ilə kimi Alban katolikosluğunun son oturacağı Gəncəsər monastırını yazılmamış yarımfəsillər kimi tədqim edir. Bu fəslində qələmə alınması istiqamətdə keçmiş səfirin Qarabağda mövcud olan Alban xristian irsi ilə yaxından tanış olması məqsədə müvafiq hesab olunur.
Əsərin təkcə Azərbaycan dilinə deyil, həmçinin, ingilis, fransız, alman və d. dillərə tərcüməsi Vətənimizin və xalqımızın dünyada tanıdılması istiqamətində məqsədəuyğun addım hesab edilə bilər.
Ümumiyyətlə, əsər Oliviyer Gyum Antoni, Kornelius de Brüin, Aleksander Düma və d. kimi avropalı səyyahların Azərbaycanın öyrənilməsi istiqamətində ədəbi tarixi ənənələrinin davamıdır. Əsərdə əksini tapmış sırf elmi məlumatlarla yanaşı, müəllif müasir Azərbaycanın insanları, təbiəti, mətbəxi barədə öz təəssüratlarını bölüşür. Bu isə, əsərin geniş oxucu kütləsi tərəfindən oxunaqlığını birə yüz artırmaqdadır.
“Qafqaz Albaniyası itmiş çarlıq. Azərbaycanda və Şərqi Qafqazda tədqiqatlar və kəşflər” kitabı XXI əsrdə Qafqaz Albaniyası dövlətinin tarixi, arxeologiyası, memarlığı və digər maddi-mədəni irsi məlumatların cəmləşdirilərək dünya ictimaiyyətinə təqdim olunmuş ilk nümunəsi kimi qəbul edilir.
Əsər İtaliyanın elmi və diplomatik elektron ədəbiyyat resurslarında yetərincə təbliğ edilməkdədir:
1) Hoepli
2) Gazzetta Diplomatica





