AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey Sərgi zalında bələdçilik fəaliyyətilə bağlı könüllülük proqramına həsr olunmuş mükafatlandırma mərasimi keçrildi.
Tədbirin moderatoru Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi, t.ü.f.d., dosent Ellada Bəkirova giriş sözü ilə çıxış edərək iştirakçıları salamladı. “İnstitutun yaratdığı könüllülük proqramında artıq 7 ali və 2 orta təhsil müəssisəsindən olan gənclər iştirak edirlər. Bu isə, təşəbbüsümüzün aktuallığının göstəricisidir. Proqram çərçivəsində gənclərimiz İnstitutun muzey sərgi zalında təcrübə keçmiş, müxtəlif elmi mövzular üzrə alimlərin elmi məruzələrini dinləmiş, akademik təlimlərə, elmi-praktiki ustad dərslərinə cəlb edilmişlər” – deyə E.Bəkirova vurğuladı.
Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev çıxış edərək bildirdi ki, İnstitut tərəfindən həyata keçirilən könüllülük proqramı bir tərəfdən gənclərin Azərbaycan tarixinə, ümumilikdə elmə olan marağının stimullaşdırılmasına, elmi biliklərinin artırılmasına, maariflənməsinə, peşə seçiminə istiqamətlənib, digər tərəfdən gənclərimizin sosiallaşmasına, cəmiyyət üçün pozitiv fəaliyyət istiqamətlərində kollektiv əmək təcrübəsinin artırılmasına və təşkilatçılığına yönəlmişdir. Qarşıda İnstitut olaraq gənc könüllülərimizin planlaşdırdığımız “arxeoloji yay məktəbi” proqramı çərçivəsində respublika üzrə aparılan arxeoloji tədqiqat yerlərinə səfərlərini təşkil etmək niyyətindəyik”.
Xəzər Universiteti İctimai əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəylinin çıxışında arxeologiya və antropologiya elmlərinin xalqımızın tarixinin öyrənilməsində önəmindən söz açmış, könüllülük proqramının gerçəkləşməsində bütün əlaqədar təşkilatlara və ilk növbədə AMEA Arxeologiya və Antropologiya İnstitutuna uğurlar arzulamışdır.
Könüllülük proqramının rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Orxan Zamanov çıxışında könüllülük proqramı çərçivəsində görülmüş işlərdən, könüllülərin qatıldığı elmi seminarlardan, elmi tədqiqatlarla bağlı təcrübə mübadiləsindən, keçirilmiş ictimai tədbirlərdən söz açdı. Eyni zamanda O.Zamanov könüllülər qarşısında duran yeni fəaliyyət istiqamətlərinə də toxundu.
Daha sonra tədbir iştirakçılarına proqram çərçivəsində son dörd ay ərzində, yəni, proqramın yaz dövrü üzrə könüllülərin iştirakçısı olduğu tədbirləri işıqlandıran video-çarx nümayiş etdirildi.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev “Könüllülük təcrübəsi proqramının yaz dövrü” üzrə iştirakçısı olan Bakı Dövlət Universitetini, Xəzər Universitetini, Azərbaycan Dillər Universitetini, Azərbaycan Rəssamlıq Akademiyasını, Azərbaycan Turizm və Menecment Universitetini, Sumqayıt Dövlət Universitetini, Azərbaycan İlahiyyat İnstitutunu, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və 193 saylı orta məktəbi təmsil edən gənclərə sertifikat və hədiyyələr təqdim etdi. Fəaliyyəti ilə xüsusi fərqlənmiş könüllülər — Könül İbrahimli, Zalikə Bəybalayeva (Xəzər Universiteti), Gülnarə Əsədullayeva (Azərbaycan İlahiyyat İnstitutu), Nəzrin Vəliyeva (Bakı Dövlət Universiteti), Mələk Kərimova (Sumqayıt Dövlət Universiteti) – diplomlarla mükafatlandırıldılar.
Sumqayıt Dövlət Universitetininin Tarix və coğrafiya fakültəsinin tələbəsi Mələk Kərimova çıxış edərək proqram çərçivəsində könüllülərin əldə etdiyi bilik və təcrübədən söz açdı. M.Kərimova könüllülük təcrübəsi proqramının təşkilatçısı olan AMEA Arxeologiya və Antropologiya İnstitutuna, həmçinin, təşəbbüsə dəstək vermiş bütün elmi-pedoqoji müəssisələrə minnətdarlığını bildirdi.
Qeyd edək ki, 2025-ci ilin yanvarın 31-də AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında tətbiqi hədəflənən elmi-praktik təcrübə və onunla bağlı ilk “Könüllülük proqramı” elan olundu. 2025-ci ilin 27 fevralında “İçərişəhər” Muzey Mərkəzinin dəstəyi ilə qeyd edilən elanın məzmununa uyğun “Könüllülük proqramı”nın mətbuata rəsmi açılışı oldu. Muzey işi sahəsində praktiki və nəzəri biliklərə yiyələnməyi hədəfləyən, gələcəkdə özünü bu sahədə inkişaf etdirmək istəyən, arxeologiyaya və tarixi artefaktlarla işləməyə marağı olan gənclər elan olunmuş müsabiqəyə xüsusi hazırlanmış forma üzərindən müraciət etmişdilər və qəbul olunmuş 150-yə yaxın müraciət arasından akademik münsiflər heyəti tərəfindən 60 gənc təlimlərə cəlb olunmuşdur.
Təlimlər AMEA Arxeologiya və Antropologiya İnstitutunun yüksək ixtisaslı, peşəkar mütəxəssiləri tərəfindən və eləcə də AMEA Radiasiya Problemləri İnstitutunun, Azərbaycan Milli Tarix Muzeyinin, Xəzər Universitetinin və müstəqil ekspertlərinin iştirakı ilə xüsusi seçilmiş mövzular əsasında həyata keçirilmişdir. Bu mövzulara akademik arxeologiyanın problemləri ilə fənnlərarası, interaktiv, praktik səpgidə muzey işi və turizm bələdçiliyi ilə bağlı istiqamətlər də daxil edilmişdir.





