Könüllülük proqramı iştirakçısı olan gənclər mükafatlandırıldılar
5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunda I və II dövr “Könüllülük Proqramı” çərçivəsində təlim prosesində iştirak etmiş müəllim heyəti üzvlərinin, I dövr “Könüllülük Proqramı” çərçivəsində “Yay könüllü heyəti” tərkibində fərqlənmiş könüllülərin mükafatlandırma mərasimi keçrildi.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev giriş sözü ilə çıxış edərək iştirakçıları salamladı. “ Gerçəkləşmiş layihənin əsas məqsədi Azərbaycan xalqının tarixi maddi mədəni irsinə maraq göstərən və arxeoloqlarla çalışmaq istəyən gənclərin bu sahədə təcrübəsini təşkil etmək idi. Mən çox şadam ki, gənclər bu layihədə həvəslə iştirak edirlər. Könüllülərin məhz bizim İçərişəhərdə fəaliyyət göstərən muzeyimizdə təcrübə keçməsi hərtərəfli müsbət əhəmiyyətə malikdir. Çünki İçərişəhərin ölkə daxilində muzeyşünaslıq sahəsində tutduğu xüsusi mövqe və eyni zamanda turistlərin marağına səbəb olan məkan olaraq onun üstünlüyü könüllülər üçün onların gələcək fəaliyyətlərində daha böyük perpsektivlər açacaq. Bu proqramda iştirak etdiyiniz üçün sizə təşəkkür edirik və biz bu təşəbbüsü davam etdirəcəyik. Bu gün həm də Beynəlxalq Könüllülər günüdür. Bizim bu proqramın yekun tədbirinin bu günə salınması da təsadüfi deyil” – deyə F.Quliyev bildirdi.
Daha sonra tədbir iştirakçılarına proqram çərçivəsində proqramın yay dövrü üzrə könüllülərin iştirakçısı olduğu tədbirləri işıqlandıran video-çarx nümayiş etdirildi.
Könüllülük proqramında təlimçi kimi iştirak etmiş AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov çıxışında layihənin bitməsi və Beynəlxalq Könüllülər günü münasibəti ilə könüllüləri təbrik etdi. Y.Məmmədov könüllülərin gələcəkdə arxeoloji qazıntılarda iştirsakının təmin olunmasının vacibliyini bidirərək bunun onların həyatında böyük rol oynayacağını vurğuladı.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova çıxışında İnstitutun və Muzeyin təşəbbüsü ilə bu layihənin könüllülərə arxeologiya sahəsində xeyli bilgilər verdiyini qeyd etdi. “Təlimçi olaraq mən də bu işdən böyük zövq aldım. Biz könüllülərə maddi mədəni irsimiz, tarixi abidələrimiz haqqında sevə-sevə məlumat verdik” – deyə S.Nəsirova bildirdi.
“Yay könüllü heyəti” tərkibində fərqlənmiş könüllülərdən olan Azərbaycan Kooperasiya Universiteti Marketinq və Menecment fakültəsinin tələbəsi Fidan Əşrəfli layihəyə qəbul olunduğu üçün təşkilatçılara öz minnətdarlığını bildirdi, turistlərlə ünsiyyətdən irəli gələrək Azərbaycanın şanlı tarixinin təbliği üçün təkliflərini verdi.
Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya Elmi Fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadə qeyd etdi ki, könüllülərin içərisində gələcəkdə arxeologiya sahəsinə gəlmək istəyən gənclər olacaq. “Bu layihədə iştirak etmək mənim üçün sevindirici haldır və gələcəkdə də bu layihədə iştirak etmək istərdim” – deyə N.Quluzadə layihə təşkilatçılarına təşəkkürünü bildirdi.
Daha sonra təlim prosesində iştirak etmiş müəllim heyəti üzvləri təşəkkürnamələrlə, fərqlənmiş könüllülər isə, sertifikatlar və diplomlarla mükafatlandırıldılar. Mükafatlandırılanlara həmçinin, hədiyyələr də təqdim edildi.
Tədbirin sonunda söz alan layihə rəhbəri AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov bildirdi ki, bu layihəni başlayanda 600 müraciət daxil olmuşdu. İkinci könüllülər layihəsinə 450 müraciət edilib. “Bu prosesdə biz iştirakçların seçimini şəffaf formada həyata keçirdik. Təlimlərin elmi səviyyəsi və iştirakçıların aktivliyi göstərdi ki, institutumuzun bu sahədə fəaliyyəti artıq davamlı modelə çevrilir. Təlimlərə qoşulan 207 gəncin arxeoloji sahədə müəyyən biliklərə sahib olmasında müəllimlərin rolu danılmazdır” -deyə O.Zamanov qeyd etdi. Həmçinin o, layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə İnstitut rəhbərliyinə və təlimlərdə iştirak edən dəyərli müəllimlərə dərin təşəkkürünü bildirdi.






























