Mədəniyyət naziri və AMEA Prezidenti Arxeologiya İnstitutunun Elmi fondunu və Muzey sərgi zalını ziyarət etmişlər
Fevralın 25-də Azərbaycan Respublikası Mədəniyyət naziri Adil Kərimli və AMEA Prezidenti akademik İsa Həbibbəyli AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi fondunu ziyarət etmiş, 2025-ci ildə aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələri ilə tanış olmuşlar. AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent, Alman Arxeoloji İnstitutunun müxbir-üzvü Fərhad Quliyev ziyarətçiləri fondla tanış etmiş, sərgilənən yeni tapıntılar barədə məlumat vermişdir. Fikir mübadiləsi çərçivəsində Azərbaycanın maddi mədəniyyət nümunələrinin saxlanılması üçün müasir tələblərə cavab verən daha münasib şəraitin, həmçinin, tapıntıların ümumiləşdirilmiş reyestrinin yaradılması, tapıntıların rəqəmsal qeydiyyatının tərtibi, maddi mədəniyyət nümunələrinin kameral tədqiqi və bərpası üçün müvafiq laboratoryaların təşkili istiqamətində bundan sonra da Mədəniyyət Nazirliyi və Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın davam edəcəyi bildirilmişdir.
Daha sonra qonaqlar AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin İçəri Şəhərdə yerləşmiş Muzey sərgi zalını ziyarət etmişlər. Fərhad Quliyev qonaqlara muzeydə Azərbaycan xalqının qədimliyini nümayiş etdirən ekspozisiyanın mahiyyəti barədə məlumat vermiş, sərgi konsepsiyasından danışmış və muzey arxeologiyası qarşısında duran vəzifə və problemlərdən söz açmışdır. Muzeyin müasir dünya tələblərinə cavab verən sistem üzrə qurulması üçün fikir mübadiləsi aparılmışdır.
Qonaqları AMEA Arxeologiya və Antropologiya İnstitutunun Ümumi işlər üzrə direktor müavini t.ü.f.d., dosent Şövqü Həsənov, İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.ü.f.d. Valeh Ələkbərov və Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov müşayət etmişlər.










