06 oktyabr 2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyinin müraciəti əsasında Fövqəladə və Səlahiyyətli Səfir cənab Xuan Rodrigo Labardini Floreslə görüş keçirilib. Görüşdə səfirliyin İnzibati işlər üzrə diplomatı cənab Aristeo Gonzalez Guerrero, tərcüməçi Günel Hacıyeva, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov, “Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri professor Hidayət Cəfərov, “Albanşünaslıq Elmi Mərkəzi”nin rəhbəri professor Qafar Cəbiyev, institutun elmi katibi, t.ü.f.d, dos. Akif Quliyev və “Beynəlxalq elmi əlaqələr şöbəsi”nin müdiri, t.ü.f.d. dos. Səfər Aşurov iştirak ediblər.

Çox maraqlı keçən görüşdə baş direktor cənab Səfiri salamlayaraq bu görüşün institut tarixində önəmli hadisə olduğunu bildirib. İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, perspektivləri, beynəlxalq tərkibli ekspedisiyalar, instituta göstərilən dövlət qayğısı haqqında cənab Rodrigo Labardiniyə ətraflı məlumat verilib.

Fövqəladə və Səlahiyyətli Səfir cənab Xuan Rodrigo Labardini Flores Azərbaycanın qədim tarixi ilə dərindən maraqlandığını bildirib. Ölkələrimiz arasında hər iki tərəfin müvafiq institutlarının qarşılıqlı elmi əlaqələr qurmasından söhbət açıb və şəxsən özü tərəfindən tarixi, arxeoloji abidələrimizi əks etdirən fotoları nümayiş etdirib. Səfir qeyd edib ki, Meksikada 193 arxeoloji zona, 200.000-dən çox abidə vardır. O, həmçinin Qobustan milli tarixi-bədii qoruğu və Şamaxı rayonu ərazisində yerləşən Kələxana türbələr kompleksi haqqında təəssüratlarını bölüşüb.

Professorlar Hidayət Cəfərov, Qafar Cəbiyev və dosentlər Səfər Aşurov, Akif Quliyev apardıqları arxeoloji qazıntı işləri haqqında ətraflı məlumatlar veriblər.

Sonda Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xuan Rodrigo Labardini Flores görüşdən məmnun qaldığını bildirib və belə görüşlərin mütəmadi olmasını arzulayıb.