MENTEŞ QƏDİM YAŞAYIŞ YERİ
MENTEŞ QƏDİM YAŞAYIŞ YERİ
Tovuz arxeoloji ekspedisiyasının növbəti tədqiqat obyekti çox təbəqəli Menteş qədim yaşayış yeridir. 2008-ci ildən bəri Azərbaycan və Fransa arxeoloqlarının bölgədə yerləşən Menteştəpə arxeoloji abidəsində apardığı arxeoloji tədqiqatlar cari ildə gözlənilməz nəticələr vermişdir (əvvəlki illərdə olduğu kimi professor Bertil Lyonetin rəhbərlik etdiyi Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin mütəxəssisləri ilə müştərək davam etdirilmişdir).
Qazıntılar nəticəsində Menteş qədim yaşayış yerində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılmışdır. Təqribən dörd min il müddətində davam edən yerli mədəniyyətlərin inkşaf proseslərini qədim yaşayış yerinin tədqiqatları zamanı anlamaq mümkün olmuşdur.
Qədim yaşayış yerinin ilkin məskunlaşması (I mərhələ) dövrü radiokarbon 14 analizlərinə əsasən son neolit (e.ə 5800-5700) dövrünə siyarət edir. Neolit dövrünə aid mədəni təbəqə çiy kərpiclərdən olan dairəvi formalı memarlıq tikili nümunələri ilə seçilir (şək.1-2).

Şək.1

Şək.2
Tikililərdə tapılan saxsı məmulatı bitki tərkibli olub, cilalı və çox vaxt da, boyalı keramika nümunələrindən ibarətdir. Arxeoloji abidənin qeyd olunan təbəqəsindən aşkar edilmiş maddi mədəniyyət nümunələri o qədər də zəngin deyil, lakin dairəvi formalı memarlıq tikililərinin birinin içərisindən aşkar edilmiş mis metal nümunəsi və lazurit daşının fraqmentləri xüsusilə diqqətəlayiqdir (şək.3).


Şək.3
Son neolit dövrünə aid mədəni qat yatımında ən maraqlı tapıntı kütləvi dəfnlə bağlı olan qəbir quyusunun aşkar olunmasıdır. Burada otuz səkkiz (38) insan skeleti aşkar edilmişdir. Onların arasında uşaq skletləri çoxluq təşkil edir. Qeyd etməliyik ki, bu cür qəbir regionda son neolit dövrünə aid olan yeganə tapıntıdır (şək.4).


Şək.4
Daha sonra zaman intervalı ilə müşayət olunan xalkolit dövrünü əks etdirən (II mərhələ) və e.ə. V minilliyin I yarısına aid olan mədəni təbəqədə dirək yerləri ilə olan memarlıq tikililəri üzə çıxarılmışdır. Bu təbəqə ilə əlaqəli yaşayış barəsində çox az məlumatlar əldə edilmişdir (şək.5).

Şək.5
Xalkolit dövrünün mədəni qat yatımının III-cü mərhələsi iki yüzilliyi özündə əks etdirir (e.ə. 4300 – 4100). Bu təbəqədə indiyədək bu əraziyə (Gəncə-Qazax bölgəsi) xas olmayan çiy kərpiclərdən ibarət düzbucaqlı formalı memarlıq tikililəri və çox zəngin maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Qeyd edilən mədəni təbəqənin arxeoloji materialları, saman tərkibli boya naxışlı keramika nümunələri və düzbucaqlı tikililər, e.ə. V minilliyin sonlarında qədim yaşayış yerinin Şimali Mesapotamiya ilə çox sıx bağlılıqlarının olmasını göstərir (şək.6-7).

Şək.6





Şək.7
Bu dövrdə metallurgiyanın yüksək inkşafını göstərən 62 ədəd metal məmulatları aşkar edilmişdir. Aşkar edilmiş müxtəlif metal nümunələrinin əksəriyyəti biz və digər metal əşyalarından ibarət olmuşdur. Bunlar əsasən mis və mərgümüş tərkibli metaldan hazırlanmışdır (şək.8).


Şək.8
Qədim yaşayış yerinin IV-cü mərhələsi təqribən min il boyunca davam etmiş və erkən tunc dövrünə aiddir (e.ə. 3400-2400). Burada qeyd olunan dövrün mədəni təbəqəsi zəif olsa da qəbir abidələri baxımından zəngindir.
Qədim yaşayış yerinin üst təbəqəsi əsasən müxtəlif qəbir abidələri ilə səciyyələnir. Bu cür qəbirlər nadir halda qədim yaşayış yerlərinin üzərində və ərazilərində salınır. Elmi ədəbiyyatda sallama qəbirlər adı almış belə dəfnlər qədim yaşayış yerlərində həyatın bitdiyi zamanından sonra meydana gəlir.
Menteş qədim yaşayış yerinin ərazisində iki kurqan qəbir qazılaraq öyrənilmişdir. Birinci kurqanaltı sərdabə olub kamerasında 40 skelet aşkar edilmişdir. Antropolqların araşdırmalarına əsasən kütləvi dəfn ilə müşahidə olunan qəbirdə bir nəslin üzvləri müxtəlif vaxtlarda dünyalarını dəyişdikcə dəfn olunmuşlar (şək.9).

Şək.9
Digər ikinçi kurqan, qədim yaşayış yerinin şərq tərəfində qazıntıları 2013-cı ildə başlanılmış və cari ildə tamamlanmışdır. Kurqanın üzəri çay daşları ilə örtülmüşdür və geoloji torpaq qatları və yuxarı təbəqələrdə aparılmış qazıntıya görə iri kameranın ölçülərini təqribi müəyyən etmək mümkün olmuşdur (7x7x2m). Kameranın divarları boyunca heç bir xüsusi örtük müəyyən edilməmişdir, lakin tavan hissəsi bir birinə sıx bərkidilmiş ağac taxtalardan təşkil edilmişdir. Bunların mərkəz hissəsində möhkəmlik üçün dirək, və bir ədəd iri əhəng daşı istifadə edilmişdir. Kamera üzəri həsirlə örtülmüş örtükdən ibarət olmuşdur və dörd təkərli taxta arabanın qalıqları, karamikadan olan iri küplər və iki qadın skeletləri aşkar edilmişdir. Bu qadın skeletlərindən birinin üzərindən sədəf və digər daş-qaşlar arasından qızıl bəzəklər və müxtəlif metal qarışığı olan əşyalar aşkar edilmiş, lakin ikinci qadına məxsus skelet üzərindən yalnız saç halqaları aşkar edilmişdir (şək.10-11-12).
Şək.10

Şək. 11

Şək.12
Arabanın ətrafında olan torpağın içərisindən 12 ədəd qızıl və sədəf bəzək əşyaları, qızıl üzük və qızıl metal hesab edilməyən digər bir üzük və az sayda insan sümükləri aşkar edilmişdir. Sonda qeyd edilən əşyalar yaşlı bir insanın skelet qalıqları ilə əlaqələndirilə bilər və həmin skelet qəbir kamerasının tavanı üzərində nizamsız bir yerdə aşkar edilmişdir. Tavan hisəni təşkil edən ağac taxtalar çox pis vəziyyətdə olduğundan, burada qəti bir fikir söyləmək çox çətindir Qızıl əşyalar çox güman ki, onun paltarları üzərinə tikilmişdir. Qəbir kamerasının digər təbəqələrindən keramikadan olan fraqmetlərə də rast gəlinmişdir (şək.13).



Şək.13
Qəbirdən aşkar edilmiş nümunələr üzərində radio karbon 14 analizləri aparılılmışdır. Nəticədə keramikadan olan qablar və qızıl əşyalar bu kurqanın e.ə. 2400 ilə aid olduğunu göstərmişdir. Burada qızıl məmulatının mövcudluğu demək olar ki Kür Araz dövrü üçün xarakterik hesab olunmur. Qalay və tuncdan olan metallar da həmçinin bu dövr üçün yenilik hesab edilir. Həqiqətən də, aparılmış analizlər göstərdi ki, metal qarışığı olan nümunələrinin əksəriyyəti əsasən qalay tərkibindən ibarət olmuşlar (2-11%) .
Azərbaycanda və ümumən Cənubi Qafqazda metallurgiyanın təşəkkülü Menteş qədim yaşayış yerinin araşdırmalarında tam şəkildə özünü göstərmişdir. Qəbirlərdə metaldan olan müxtəliv növlərinin aşkar olunması e.ə III minilliyin ortalarından qızıl və qalaydan istifadəni təsdiq edir. Tapıntılar, Məkəzi Asiya, İran, Mesopotamiya və Levant kimi bir çox bölgələrlə ticarət və alış veriş əlaqələrinin inkişafından xəbər verir.
F.QULİYEV, B.LİONNET

English




