Mil düzündə tarixi suvarma kanalının arxeometrik tədqiqatları beynəlxalq elmi mətbuatda
ABŞ-ın Boston Universiteti tərəfindən İngiltərənin Routledge beynəlxalq elmi nəşriyyat evində nəşr edilən yüksək impakt-faktorlu “Journal of Field Archaeology” dövrü jurnalında “Kanalboyu təpələr son antik dövrdə Cənubi Qafqazda insan və ətraf mühitin qarşılıqlı əlaqəsi üçün arxiv kimi” (Canal Mounds as Archives for Human-Environment Interactions in the South Caucasus during Late Antiquity) başlıqlı məqalə dərc edilib. Məqalənin həmmüəllifləri sırasında bu günlərdə 70 illik yubileyini qeyd etdiyimiz, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.ü.f.d., dosent Təvəkkül Əliyev də vardır. Onun həmrəhbərliyi ilə beynəlxalq arxeoloji ekspedisiya Azərbaycanın cənub-qərbində yerləşən Mil düzünün landşaftında tarixi suvarma kanalı sisteminin qalıqlarını tədqiq edib. Ekspedisiyanın elmi heyətinə İngiltərənin Durham, Almaniyanın Kiel Universitetlərinin və Berlindəki Ön Asiya (Vorderasiatisches) Muzeyinin elmi əməkdaşları Lisa M. Snape, Andrea Ricci, Ian K. Bailiff, Dan E. Lawrence və Barbara Helwing kimi tədqiqatçılar da daxil idilər.
Məqalədə Örənqala yaxınlığında, Govurarx suvarma kanalı boyunca yerləşən təpələr hissəsində aparılmış arxeoloji və arxeometrik tədqiqatın nəticələri öz əksini tapıb. Belə ki, sahilboyu təpələr mütəmadi aparılan dövrü təmir nəticəsində kanalın dibindən müxtəlif vaxtlarda (əsasən, eramızın VIII – XI əsrə kimi) çıxarılmış torpaq kütlələrindən yaranmışdır. Bu təpələrdən götürülmüş nümunələrin mikromorfoloji təhlili və Optik Stimullaşdırılmış Lyuminessensiya (OSL) üsullarının tətbiqi kanalın tikinti, istifadə və tərk edilmə mərhələlərini müəyyən etməyə imkan yaratmışdır. OSL üsulu ilə aparılan tarixləndirmə göstərmişdir ki, kanal sisteminin mürəkkəb tarixi var: kanalın tikintisi eramızın VIII əsrinə aid edilir, bundan sonra təxminən 1000 il ərzində istifadə, texniki qulluq, modifikasiya və tərk edilmə dövrləri olmuşdur.
Müəyyən edilmişdir ki, eramızın VIII əsrində inşa edilən suvarma kanalı XI-XIV əsrə kimi fəaliyyət göstərmiş, eyni zamanda XI-XIV əsrlərdə kanalın təmiri və yenilənməsi dayanmışdır. Eramızın XIV əsrindən XVII əsrə kimi kanalda təbii səbəblərdən və texniki qulluğun dayandırılmasına görə su axını kəsilməyə başlamışdı. XVII əsrdən tarixi suvarma kanalı artıq deaktiv olmuşdur. Dövrü üçün inkişaf etmiş oturaq və şəhər mədəniyyətinə işarə edən kanalın mövcudluğu müddətindəki bu proseslərin səbəbi həm regionda sosial-siyasi və həm də ekoloji amillərlə bağlı idi.








