AMEA Rəyasət Heyətinin qərarı əsas götürülərək 12 noyabr 2025-ci ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunda numizmat-arxeoloq Yevgeniy Aleksandroviç Paxomovun anadan olmasının 145 illiyi münasibəti ilə Elmi seminar keçirilmişdir. Seminarın sədri İnstitutun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənov giriş sözü ilə tədbiri açaraq bildirmişdir ki, Bakı Dövlət Universitetinə dərs deməyə dəvət olunan Yevgeni Paxomov 1920-ci ildə Bakıya köçərək bütün yaradıcı həyatını Azərbaycan tarixinin öyrənilməsinə həsr edib. Azərbaycanda numizmatikanın bir elm kimi təşəkkülü, numizmatika fondunun yaradılması və sonrakı uğurları məhz Yevgeni Paxomovun adı ilə bağlıdır. Bununla yanaşı onun fəaliyyətinə baxış birmənalı deyil. “Bu günki seminarda biz Y.Paxomovun həyat və yaradıcılığına işıq salacaq, onun elmi fəaliyyətinə ziddiyyətli münasibəti yaradan səbəblərdən bəhs edəcək məruzələri dinləyəcəyik” – deyə Zaur Həsənov bildirdi.
Seminarda t.e.d., professor Tarix Dostiyev “Yevgeniy Paxomovun elmi-pedaqoji irsi”, İnstitutun Məhkəmə arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d., numizmat Akif Quliyev “Yevgeniy Paxomovun yaradıcılığı”, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, t.ü.f.d., dosent Taleh Əliyev “Yevgeniy Paxomovun Zaqatala səddinin tədqiqində rolu”,Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəsisi, t.ü.f.d. Aygün Məmmədova “Professor Yevgeniy Paxomovun mirası: Numizmatika fondu”, İnstitutun Numizmatika və Epiqrafika şöbəsinin əməkdaşı Afiq Abdullayev “Yevgeniy Paxomovun Azərbaycanda numizmatika məktəbinin yaradılmasında rolu” mövzularında məruzələrlə çıxış etmişlər.
Seminarda Y.A.Paxomovun həm arxeoloq, həm də numizmat-epiqraf kimi fəaliyyəti, həyat və yaradıcılığı haqqında iştirakçılara məlumat verildi. Bildirilmişdir ki, Y.A. Paxomov Azərbaycan Respublikasının sovet dönəmində numizmatika, epiqrafika, şərqşünaslıq, tarix və arxeologiya sahəsinin formalaşmasında, göstərilən elm sahələri üzrə milli kadr potensialının yaradılmasında danılmaz böyük rol oynamışdır. Onun fəaliyyətinə yönəli ziddiyyətli münasibəti doğuran əsas səbəblər isə, topladığı qiymətli numizmatik kolleksiyanın böyük bir hissəsini Ermitaj muzeyinə (Sankt-Peterburq, RF) bağışlamasından qaynaqlanır.
Seminarın sonunda müzakirələr aparılmışdır.