“Orta və Son Tunc Dövrü Arxeologiyası” şöbəsi, AMEA Arxeologiya və Antropologiya İnstitutunda aparılan struktur dəyişiklikləri nəticəsində, əvvəlki “Tunc dövrü arxeologiyası” şöbəsinin iki istiqamətə (İlk Tunc; Orta və Son Tunc dövrü arxeologiyası) ayrılması əsasında 2023-cü ildə yaradılmışdır.

Şöbə müdiri t.ü.f.d., dosent M.M. Hüseynovdur.

Şöbənin tarixi

  • 1960–1980-ci illər: “Qədim dövr arxeologiyası” şöbəsi;
  • 1990–2021-ci illər: “Tunc və İlk Dəmir dövrü arxeologiyası” şöbəsi;
  • 2021–2023-cü illər: “Tunc dövrü arxeologiyası” şöbəsi.

 

Şöbənin əsas elmi-tədqiqat istiqamətləri;

Orta və Son Tunc dövrü arxeologiyası şöbəsi Azərbaycan ərazisində e.ə. III minilliyin sonlarından I minilliyin əvvəllərinə qədər formalaşmış maddi-mədəniyyət komplekslərinin, ictimai-siyasi və təsərrüfat-məişət həyatının, sosial münasibətlərin, eləcə də dini-ideoloji təsəvvürlərin sistemli və kompleks tədqiqi ilə məşğuldur.

Şöbənin başlıca tədqiqat məqsədi ictimai-siyasi həyatda baş verən dəyişiklikləri, xüsusilə İkinci Böyük İctimai Əmək Bölgüsünü – sənətkarların digər istehsalçılardan ayrılması prosesini və bunun nəticəsində əmlak və sinfi bərabərsizliyin formalaşmasını izləməkdən ibarətdir. Bununla yanaşı, metallurgiyanın və metalişləmənin inkişaf səviyyəsinin, sənətkarlığın peşəkarlıq dərəcəsinin, yaşayış məskənləri və nekropolların xüsusiyyətlərinin, dəfn adətlərinin və mədəni-iqtisadi əlaqələrin araşdırılması yolu ilə Azərbaycanda Tunc dövrü cəmiyyətlərinin inkişaf mərhələlərinin elmi əsaslarla rekonstruksiyası həyata keçirilir.

Şöbə əməkdaşları Gəncə–Qazax, Qarabağ, Şəki–Zaqatala, Naxçıvan və digər ərazilərimizdə Orta və Son Tunc dövrünə aid yaşayış yerlərini, kurqanları, daş qutu və torpaq qəbirlərini, qayaüstü təsvirləri və istehsal sahələrini kompleks şəkildə araşdırırlar. Qazıntılar zamanı memarlıq strukturları, müdafiə tikililəri, təsərrüfat qalıqları və müxtəlif sənət sahələrinə aid izlər qeydə alınır.

Orta və Son Tunc dövrü cəmiyyətlərinin sosial təbəqələşməsi yaşayış yerləri ilə yanaşı kurqanların, torpaq və daş qutu qəbirlərin tədqiqi vasitəsilə müəyyən edilir.

Keramika məmulatının, daş və sümük alətlərinin, tunc əşyaların tipoloji və xronoloji təhlili aparılır. Keramika istehsalındakı yeniliklər – dulus çarxının tətbiqi, cilalı və həndəsi ornamentli qablar – Orta və Son Tunc dövrü mədəni komplekslərinin əsas göstəriciləridir.

Tədqiqatlar Urmiya hövzəsi, Şərqi Anadolu, Cənubi Qafqaz və Orta Asiya arasındakı geniş mədəni-iqtisadi əlqaələrin olduğunu göstərir.

Tədqiqatlarda klassik arxeoloji qazıntı üsulları ilə yanaşı aşağıdakı müasir metodlardan istifadə olunur:

  • geoarxeologiya və torpaq analizi,
  • radiokarbon (14C) xronologiyası,
  • GIS xəritələşdirməsi və peyk təsvirləri,
  • metallurgiya üzrə laborator analizlər,
  • antropoloji və paleobotanik tədqiqatlar.

Bu yanaşmalar regionun Tunc dövrü mədəniyyətlərinin dəqiq rekonstruksiyasına imkan verir.

Şöbənin fəaliyyəti nəticəsində:

  • Azərbaycanın Tunc dövrü mədəniyyətlərinin ardıcıl dövrləşməsi hazırlanmış,
  • kurqan ənənəsi və qəbir konstruksiyalarının inkişaf xətti müəyyən edilmiş,
  • metallurgiya mərkəzlərinin coğrafiyası dəqiqləşdirilmiş,
  • regionun qədim əhalisinin təsərrüfat növləri, yaşayış tipləri və sosial strukturu elmi əsaslarla bərpa edilmişdir.

Şöbə beynəlxalq ekspedisiyalarda, konfranslarda və layihələrdə iştirak etməklə Azərbaycan Tunc dövrü arxeologiyasının dünya elminə inteqrasiyasını təmin edir.

“Orta və Son Tunc Dövrü Arxeologiyası” şöbəsinin əməkdaşları

  • Hüseynov Müzəffər Maqsud oğlu – şöbə müdiri, t.ü.f.d., dosent
  • Cəfərov Hidayət Fərrux oğlu – baş elmi işçi, t.e.d., professor
  • Alıyeva Tükəzban Nizami qızı – aparıcı elmi işçi, t.ü.f.d., dosent
  • Avşarova İradə Nizam qızı – aparıcı elmi işçi, t.ü.f.d., dosent
  • Məmmədova Aidə Əkbər qızı – aparıcı elmi işçi, t.ü.f.d.
  • Ələsgərov Anar Sərhəd oğlu – aparıcı elmi işçi, t.ü.f.d.
  • Əliyarova Vüsalə Oktyabr qızı – elmi işçi
  • Vəliyeva Günel Ramin qızı – elmi işçi
  • Babayeva Aybəniz Səxavət qızı – baş laborant