Qax rayonunun Lələli kəndində yerləşən Torpaqqalada 2023-cü ildə başlanan arxeoloji tədqiqat işləri davam etdirilmişdir. Cari mövsümdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Şimal-qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə abidədə arxeoloji tədqiqat işlərini həyata keçirib.

Torpaqqala Lələli kəndinin şərq tərəfində, Qapıçayın Qanıx (Alazan) çayına töküldüyü mənsəbinə yaxın hissədə, onun sol sahilində yerləşir. Abidənin ümumi ərazisi 20 ha-a yaxındır. Torpaqqala əsasən üç hissədən ibarətdir: yaşayış yeri, istehkam hissəsi və nekropol. Torpaqqalada istehkam hissə 50×70 m ölçüdə 0,35 ha ərazini əhatə edir. Ümumi yerləşmə vəziyyətinə görə cənub-qərb nöqtəsində müşahidə və müdafiə məqsədini daşıyan istehkamın bütöv kənarı boyu köbə davam edir. Həmin köbələr istehkamın müdafiə divarının izləridir. Arxeoloji qazıntılar nəticəsində Torpaqqalada erkən dəmir, antik, ilk orta əsr və klassik orta əsrlər dövrü təbəqələri müəyyən edilmişdir. Tədqiqatlar göstərir ki, məntəqədə sıx yaşayış son antik və ilk orta əsrlər mərhələsində olmuşdur.

İstehkam hissədə açılan divarlar kənar hissədə bünövrəsi çay daşından olmaqla çiy kərpicdən inşa edilib. Daxili otaqlar isə gil möhrə divardan hazırlanmışdır. Döşəmənin suvaq işlərində kirəc məhlulundan istifadə olunub. Torpaqqalada bu il ilk dəfə mərkəzdə yerləşən yaşayış hissəsinin kənarlarında üç müxtəlif istiqamətdə nekropol müəyyən edilmişdir. Cənub hissədə antik dövr nekropolu, qərb hissədə ilk orta əsr nekropolu, cənub-şərq hissədə isə klassik orta əsr nekropolu yerləşir.

Qazıntılar nəticəsində aşkar olunmuş saxsı nümunələri küpə, küp, qazan, vaza, cam, bardaq, dopu tipli qablara məxsus olmaqla qara, qırmızı, boz, sarı-qırmızımtıldır. Gil məmulatı içərisində zoomorf və antropomorf formalı uşaq oyuncaqları, toxuculuq sənəti ilə bağlı nümunələr, gil tülkü fiquru kimi maraqlı tapıntılar da yer alır. Saxsı məmulatı üzərində sənətkarlara məxsus möhür izləri, müxtəlif işarələr də maraq doğurur. Maddi mədəniyyət nümunələri içərisində daş, obsidian, dəmir ox ucluğu, sümük və kömür qalıqları da yer tutur.

Tapıntılar antik və ilk orta əsrlərdə Torpaqqala sakinləri arasında sənətkarlığın müxtəlif sahələri mövcud olduğunu göstərir. Maddi mədəniyyət nümunələri Mingəçevir, Qəbələ, Almalı Torpaqqalası (Qax) və Qıpçaqtəpənin (Qax) materialları ilə bənzərlik təşkil edir. Xatırladaq ki, 5 hektardan çox ərazini əhatə edən Qıpçaqtəpə yaşayış yeri və nekropolu Taleh Əliyevin rəhbərliyi ilə Şimal-qərbi Azərbaycanın alban dövrü arxeoloji abidələri ekspedisiyası tərəfindən 2017-2018-ci illərdə elmi ədəbiyyata gətirilmiş, 2021-2022-ci illərdə isə antik dövr nekropolunda torpaq qəbirlər öyrənilmişdir.

Qeyd edək ki, antik müəllif Klavdi Ptolemey özünün “Coğrafiya” əsərində Qafqaz Albaniyasının 29 məntəqəsinin adını çəkir. Həmin məntəqələrin müəyyən hissəsi Ptolemeyin göstərdiyi xəritədə birinci və ikinci bölgə üzrə yayılmışdır. Albaniyanın Kambisena əyalətinin ərazisini əhatə edən həmin ərazi üzrə olan məntəqələr əsasən çay kənarlarında mövcud olmuşdur. Arxeoloji tədqiqatlar Torpaqqalanın həmin məntəqələrdən biri olması ehtimalını irəli sürməyə əsas verir.

Torpaqqala erkən dəmir dövrünün sonunda yaşayış yeri kimi formalaşmış, antik və ilk orta əsrlərdə şəhərtipli məntəqəyə çevrilmişdir. İlkin ehtimal olaraq Torpaqqalanın Klavdi Ptolemeyin Qanıx (Alazan) çayının lap yaxınlığında göstərdiyi alban yaşayış məntəqələrindən biri olan “İobula” və ya “Adiabla” ilə uyğunluğunu nəzərdən keçirmək olar. E.ə. 65-ci ildə romalılarla albanlar arasında baş vermiş Alazan döyüşünün məkanını da məhz Torpaqqala ətrafında axtarmaq zəruridir.