12 sentyabr 2025-ci il tarixində Zoom platformasında AMEA  Arxeologiya və Antropologiya İnstitutu və “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix – Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə, “Tarixin izində: Yeni  Arxeoloji Qazıntıların Nəticələri” adlı seminar keçirilmişdir.

Seminarda AMEA  Arxeologiya  və Antropologiya  İnstitutunun tarix  elmlər doktoru, professor Tarix Dostiyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun kiçik elmi işçisi Zümrüd İmanova çıxış etmişlər.

Seminarı giriş sözü ilə  qoruğun direktoru Nurlan Həsənov açıq elan etdi. O, Qədim Şəmkir Şəhər yerinin tarixindən, aparılan arxeoloji qazıntılardan və  elmi – tədqiqat  işlərindən, eyni zamanda ötən illərin arxeoloji statistikasından ətraflı söhbət açdı.

Sonra söz arxeoloji ekspedisiyanın rəhbəri professor Tarix Dostiyevə verildi. O,  arxeoloji qazıntıların gedişatı və nəticələri haqqında çox mühüm məsələlərə toxundu. Qədim Şəmkir Şəhər yerinin  dünya əhəmiyyətli, unikal bir abidə, çox qədim  yaşayış məskəni olduğunun sübutlarını xüsusilə vurğuladı. Tarix Dostiyev qazıntılar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri və yaşayış yeri olan mətbəx kompleksi, təndirxanalar və ocaq yerləri barədə məlumat verdi və bu  məkanın  daha qədim tarixə malik olmasını diqqətə çatdırdı. Həmçinin 2025-ci ilin arxeoloji qazıntılarının böyük elmi əhəmiyyət daşımasını qeyd etdi.

AMEA-nın kiçik elmi işçisi Zümrüd İmanova da arxeoloji qazıntılarda ilk dəfə iştirak etməsindən və ekspedisiyanın gördüyü maraqlı və çətin işlərindən danışdı. Bu qazıntıda iştirakın onun elmi təcrübələrində xüsusi rolu olduğunu da  məxsusi olaraq göstərdi.