Qarabağda Dəmir dövrü kurqanlarının tədqiqinə yönəlmiş elmi layihəyə start verilib

Qarabağ ərazisində Dəmir dövrünə aid kurqanların və onların yaxınlığında yerləşən yaşayış yerlərinin müasir elmi metodlarla öyrənilməsini hədəfləyən, Azərbaycan Elm Fondunun təşkil etdiyi “Qarabağ – Azərbaycandır! – 3” qrant müsabiqəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənovun rəhbəri olduğu “Qarabağın dəmir dövrü kuqanları: Füzuli rayonu Yedditəpə abidəsi və ətraf ərazilərin arxeoloji tədqiqi” (№ AEF-MQM-QA-3-2025-3(56)-7274) adlı elmi layihəyə start verilib. Layihənin birinci mərhələsi 1 noyabr – 31 yanvar tarixlərini əhatə edir və artıq icrasına başlanılıb.
Layihənin əsas məqsədi Qarabağın Dəmir dövrünə aid kurqanlarının və bu abidələrin ətrafında yerləşən yaşayış yerlərinin müasir Coğrafi İnformasiya Sistemləri (GIS) metodları əsasında öyrənilməsi, rəqəmsal xəritələrinin hazırlanması və bu xəritələr vasitəsilə abidələrin landşaft xüsusiyyətlərinin müəyyən edilməsidir. Bu yanaşma müxtəlif dövrlərdə insanların məskunlaşma və dəfn yerlərinin seçilmə prinsiplərini, arxeoloji abidələrlə su hövzələri və yerformaları arasında mövcud olan qanunauyğunluqları üzə çıxarmağa imkan verəcək. Eyni zamanda, əldə olunan nəticələr gələcəkdə yeni arxeoloji abidələrin potensial yerləşmə sahələrinin proqnozlaşdırılmasına elmi əsas yaradacaq.
Layihənin birinci kvartalı üzrə Layihənin rəhbəri t.e.d., dosent Zaur Həsənov və layihə üzvləri t.ü.f.d. Təvəkkül Əliyev, t.ü.f.d. Mikayıl Mustafayev, Nərmin Məmmədli və Nərmin Bayramova tərəfindən bir sıra mühüm fəaliyyətlər həyata keçirilib. Layihənin icrasının I mərhələsində qarşıya qoyulan əsas vəzifələrdən biri arxiv materialları ilə işləmək və problemin bu günə qədər öyrənilmə səviyyəsini araşdırmaqdan ibarət olub. Bu məqsədlə institutun elmi arxivindən Qarabağ bölgəsində Dəmir dövrünə aid aparılmış arxeoloji qazıntıların hesabatları toplanılıb, əvvəlki illərdə aparılan tədqiqatların icmalı çıxarılıb, mövcud məlumatlar sistemləşdirilib və təhlil edilib.
Eyni zamanda, rəqəmsal metodların Qarabağ arxeoloji tədqiqatlarında tətbiqini gücləndirmək məqsədilə iki təlim və seminar təşkil olunub. Belə ki, “Geototal MMC” və Çin Respublikasının “Gintec” şirkəti tərəfindən keçirilən “Gintec texnologiyaları ilə yeni ölçmə imkanları” adlı təlimdə Zaur Həsənov və Nərmin Məmmədli iştirak ediblər. Bundan əlavə, “Rəqəmsal arxeologiyaya giriş” (“Introduction to Digital Archaeology”) adlı seminarda Nərmin Məmmədli iştirak edərək rəqəmsal arxeologiya sahəsində bilik və bacarıqlarını artırıb.





