Qazaxıstan respublikasının Almatı şəhərində “Arxeoloji tədqiqatlarda təbiət elmləri üsullarının tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.  Qazaxıstanın A.X. Marqulan ad. Arxeologiya İnstitutu, Əl-Fərabi adına Qazax Milli Universiteti, Qazaxıstan respublikası Energetika Nazirliyinin Nüvə Fizikası İnstitutu, Qazaxıstan respublikası Dövlət Mərkəzi Muzeyi və Azərbaycan Respublikasının da təsisçisi olduğu Birləşmiş Nüvə Tədqiqatları İnstitutu beynəlxalq hökümətlərarası elmi-tədqiqat təşkilatı (mərkəzi Rusiya Federasiyasındakı Dubna elm şəhərciyində yerləşir) elmi tədbirin təşkilatçıları idilər. Konfrans Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun 70 illiyinə həsr edilmişdi.

Konfrans iştirakçıları əsasən arxeoloji abidələrin və artefaktların tədqiqində nüvə fizikası, rentgenoflürosens spektrometriya, mikrotomoqrafiya, spektroskopiya, izotop geoxronologiya üsulları ilə tədbiqi, yeraltı və yerüstü tarixi memarlıq abidələrinin skan edilməsində myünoqrafiya metodlarından istifadə istiqamətində əldə edilmiş nəticələr barədə çıxış etdilər.

Qazaxıstan, Özbəkistan və Rusiya alimlərinin iştirak etdiyi konfransda Azərbaycan Respublikasını təmsil edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov “Müstəqillik dövründə Azərbaycanda arxeoloji tədqiqatlarda təbiət elmləri üsullarının tətbiqi” mövzusunda çıxış etdi. Çıxışda müstəqillik dövründə qabaqcıl texnologiyaların, əsasən, radiokarbon tarixlənmənin, izotop və genetik araşdırmaların tədbiqi ilə Azərbaycan arxeologiyasına gətirilmiş yeniliklər, əldə edilmiş nəticələr əsasında bəzi hipotezlərin qismən və ya bütünlüklə dəyişilməsindən danışıldı. Xüsusilə, qədim insan məskənləri olan Azıx və Tağlar mağaralarının tədqiqində Avropa və Yaponiya  mütəxəssislərinin iştirakı ilə aparılmış tədqiqatlarda Optik Stimullaşdırılan Lüministsen (OSL), Kosmogenik radionukleid (CRN), biomarker, palaeoproteomiks analizləri üsullarının istifadə edildiyi vurğulandı. Həmçinin, P.Qasımov qeyd etdi ki, hal-hazırda AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq sazişinə görə, Azıx Arxeoloji araşdırma və Analzilər Laboratoriyası təşkil olunmaqdadır.

Konfrans iştirakçıları Qazaxıstan Respublikası Energetika Nazirliyinin Nüvə Fizikası İnstitutunda fəaliyyət göstərən nüvə reaktoru mərkəzini və nüvə laboratoriyalarını ziyarət etdilər. Ziyarət zamanı nüvə laboratoriyalarının məhsulları, o cümlədən, qədim artefaktların, qədim kitabların, həmçinin, arxiv sənədlərinin sterilizə edilməsi üçün istifadə olunan nüvə texnologiyaları nümayiş etdirildi.

Beynəlxalq tədbirin iştirakçıları Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyində “Arxeologiyada fənlərarası inteqrasiya” sərgisinin açılışına dəvət olundular. Sərgidə Qazaxıstan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı aşkar edilən artefaktlar, onların təbiət elmləri üsulları ilə təhlili və əldə edilmiş nəticələr konfrans iştirakçılarının diqqətinə təqdim edilmişdi.