QƏHRƏMAN AĞAYEV – 75
16 avqust Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji texnologiya və ölçü-layihə” şöbəsinin rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent, tanınmış arxeoloq Qəhrəman Hüseyn oğlu Ağayevin 75 yaşı tamam olur.
Qəhrəman Hüseyn oğlu Ağayev 16 avqust 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir.
İkiillik hərbi xidmətdən sonra o, 1975-ci ildən 1991-ci ilədək AMEA Naxçıvan Elmi Mərkəzində çalışdıqdan sonra həmin ildə AMEA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoruna işə qəbul edilir.
O, 70-ci illərdə keçmiş SSRİ EA Arxeologiya və Etnoqrafiya İnstitutunda tanınmış qafqazşünas alim, t.e.d., prof. Rauf Munçayevin rəhbərliyi altında elmi təcrübə keçir və “Şaxtaxtı arxeoloji kompleksinin son tunc-ilk dəmir dövrlərinin tədqiqi” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir və bu ada layiq görülür.
1976-1978-ci və 1991-1992-ci illərdə RF Stavropol vilayətinin Aleksandrov və Xakasiya Muxtar Respublikasının Xakasiya Arxeoloji Ekspedisiyalarının işində iştirak etmişdir.
Qeyd edək ki, o, 1979-cu ildə arxeoloji qazıntı zamanı kəhrəba qaşlı qızıl toqqanı aşkar edir. Qiymətli tapıntının komissiyanın qərarı ilə Qəhrəman Ağayev tərəfindən aşkar olunduğu qeydə alınaraq Stavropol vilayəti Tarix və Diyarşünaslıq Muzeyinə verilir. Hazırda Rusiya Federasiyası Stavropol vilayəti Tarix və Diyarşünaslıq Muzeyində bu qiymətli əşya nümayiş etdirilir və onun Azərbaycan alimi t.ü.f.d. Qəhrəman Ağayev tərəfindən aşkar olunduğu qeyd olunmuşdur.
1979-cu ildən etibarən o, Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir.
Şahtaxtı arxeoloji abidələr kompleksində aparılan tədqiqatların nəticəsi olaraq “Şahtaxtı Son Tunc-İlk Dəmir dövründə” adlı rus dilində “Şahtaxtının Orta Tunc dövrü abidələri” monoqrafiyaları, 100-dən artıq elmi məqalələri çapdan edilmişdir.
O, bir çox xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etməklə, elmi məruzələrlə çıxış etmişdir.
Tədqiqatçı alim “Əsrin müqaviləsi” adlı möhtəşəm layihə ilə bağlı Bakı-Ceyhan neft və qaz kəmərlərinin çəkilişi zamanı kəmərlərin əhatə etdiyi sahələrdə aparılan arxeoloji tədqiqat işlərində fəal iştirak etmiş və BP şirkətinin xüsusi mükafatına layiq gorülmüşdür.
Qəhrəman Ağayevin elmi fəaliyyətində Quba soyqırımı məzarlığının tədqiqi xüsusi yeri tutur.
2007-ci ilin aprelində Quba şəhərinin şərqindən axan Qudyalçayın qərb sahilində tikinti işləri aparılan zaman böyük bir məzarlıq aşkar olundu. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzaladı və ona uyğun olaraq məzarlığın arxeoloji tədqiqi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna həvalə edildi. Məzarlığın arxeoloji tədqiqi ilə məşğul olacaq ekspedisiyanın rəhbəri t.ü.f.d. Q.Ağayev təyin edildi.
Tədqiqatla fasiləsiz məşğul olan Qəhrəman Ağayevin səyləri nəticəsində aparılan qazıntı işləri çox yüksək səviyyədə təşkil edildi. Müəyyən edildi ki, 1918-ci ilin martında erməni millətçiləri tərəfindən Quba şəhərində törədilmiş soyqırım qurbanları göstərilən ərazidə kütləvi məzarlıqlarda dəfn edilmişlər. Aparılan arxeoloji tədqiqatların və tibbi ekspertizanın nəticələri əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılması haqqında qərar qəbul olundu. 2013-cü il sentyabrın 18-də soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev 1918-1920-ci illər və ondan sonra da Azərbaycan xalqına qarşı törədilən soyqırım cinayətlərindən danışaraq, bu cinayətlərin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildirdi. Tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovun bildirdiyinə görə, Quba soyqırımı Memorial Kompleksi ilə bağlı dəqiq və düzgün məlumatların dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında tarixçi alim, arxeoloq Qəhrəman Ağayevin çox böyük əməyi vardır.
Yubileyini qeyd etdiyimiz tədqiqatçı alim Qəhrəman Ağayev tərəfindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji abidələrin tədqiqi tarixi 2005-ci ilə təsadüf edir.
2005-2006-ci illərdə Quba şəhəri “Sandıqtəpə” adlanan ərazidə diaqnostika mərkəzinin tikintisi ilə bağlı Q.Ağayevin rəhbərliyi ilə arxeoloji qazıntılar aparılır. Tədqiqat işləri aparılmış ərazi “Sandıqtəpə III” adlandırılımışdır.
Q.Ağayevin rəhbərliyi ilə Qusar arxeoloji ekspedisiyası Qusar rayonunun Bədirqala inzibati ərazisinə aid olan “Qızılgül təpələri” adlanan yerdə arxeoloji tədqiqat işləri aparmışdır. Qusar arxeoloji ekspedisiyası tərəfindən Qusarın Zindan–Muruq kəndində qədim nekropol, Gədəzeyxur kəndində Şamiltəpə adlanan qədim yaşayış yerində kəşfiyyat xarakterli tədqiqatlar aparılmış, abidələrdə gələcəkdə tədqiqatlar nəzərdə tutulub.
18 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında mədəni irs abidələrinin tədqiqində xidmətlərinə görə Qəhrəman Ağayev Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı” na layiq görülüb.
Fədakar alimə möhkəm cansağlığı və Azərbaycan elminə göstərdiyi xidmətdə daha möhtəşəm uğurlar arzulayırıq.

English




