Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya  İnstitutunda 27 sentyabr – Anım Günü ilə əlaqədar olaraq II Qarabağ Müharibəsində  şəhid olmuş arxeoloq Elşən Salayevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Tədbir Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhunun sükutla yad edilməsi ilə başlayıb. Ardınca AMEA Arxeologiya və Antropologiya  İnstitutun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində önəmli bir hadisə olmasından, dünya çapında dövlətimizin və xalqımızın iradəsini və nüfuzunu təsbit etməsindən danışdı. “Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun azad etdiyi torpaqlarımızda İnstitut əməkdaşlarımızın apardığı tədqiqatlar şəhidlərimizin ruhu qarşısında yerinə yetirdiyimiz vəzifə borcumuz və onların xatirəsinə bir ithafdır” – deyə Fərhad Quliyev çıxışında vurğuladı.

Daha sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov söz alaraq şəhid Elşən Salayevin həyat və elmi fəaliyyəti barədə tədbir iştirakçıları qarşısında çıxış etdi. Çıxışında M.Ağalarov şəhid Elşən Salayaveyin elmə marağını, gələcək üçün planlarını və vətənpərvərliyini xüsusi vurğulayaraq onun ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edildiyini bildirdi. “Qədim Bərdədəki Torpaqqala abidəsində  aparılan arxeoloji qazıntılarda Elşən elə böyük hörmət qazanmışdı ki, hətta şəhid olduqdan sonra arxeoloji araşdırmada iştirak edən  İrlandiyanın Dublin Universitetinin əməkdaşı David Stone İngiltərədə Oksford Universitetində müdafiə etdiyi dissertasiyasını onu xatirəsinə həsr etmişdi” – deyə Mircavid Ağalarov bildirdi.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin professoru Lalə Əliyeva şəhid Elşən Salayevi zəhmətkeş, perspektivli tələbə kimi xatırladığını bildirib və onun Vətənə sarsılmaz bağlılığından danışıb. Professor Lalə Əliyeva bildirdi ki, ingilis dilini sərbəst bilən Elşənin arzusu arxeologiya üzrə təhsilini Avropa elmi mərkəzlərinin birində davam etdirib, Azərbaycanda arxeoloji tədqiqatlarda iştirak etmək idi.

Tədbir iştirakçıları yekdilliklə yaxın gələcəkdə şəhid Elşən Salayevin xatirəsini yaşadacaq gənc arxeoloqlar üçün mükafatın təsis edilməsi təşəbbüsünü dəstəklədilər.

Seminarın sonunda şəhid arxeoloqun xatirəsinə həsr olunmuş video görüntü nümayiş etdirildi.