1 sentyabr 2025-ci il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında gerçəkləşdiriləcək elmi-praktik təcrübə və onunla bağlı “Könüllülük proqramı”nın II dönəm könüllü qəbulu elan olunmuşdur.

Qeyd edilən elanın məzmununa uyğun institutun rəsmi saytında yerləşdirilmiş elanında göstərilən müraciət və qeydiyyat formu üzərindən 500-dən çox müraciət qeydə alınmışdır. “Könüllülük proqramı”nın ilk dönəmi çərçivəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunda ilk dəfə olaraq muzey bələdçiliyi istiqamətində könüllülüyü təşviq edən fəaliyyət başlanmış, ölkəmizin müxtəlif təhsil müəssisələrinin şagird, tələbə və məzunları uğurla iştirak etmişdirlər. “Könüllülük proqramı”nın müsahibə mərhələsinin ilk seçimləri 2025-ci ilin sentyabrın 19-da  AMEA-nın əsas inzibati binasında təşkil olunmuşdur. Seçimlərə qeydiyyatdan ilk keçmiş 450 könüllü dəvət olunmuş və institutun elmi şöbələrinin əməkdaşları olan t.e.d., prof. Məlahət Fərəcova, t.e.d., dos. Şirin Bünyadova, t.ü.f.d., dos. Pərviz Qasımov, t.ü.f.d. Yaqub Məmmədov, t.ü.f.d. Tükəzban Göyüşova, b.ü.f.d., dos. Mehdi Əli, Mircavid Ağalarov, Vəfa Həsənova və Nigar Mustafayevanın daxil olduğu münsiflər heyətinin rəhbərliyi ilə seçimlər həyata keçirilmişdir.

Son seçimlər sentyabr ayının son həftəsi və oktyabr ayının ilk həftəsi təşkil olunmuş və 100-ə yaxın könüllü AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən “Elmi Ekspozisiyanın təşkili” şöbəsinin əməkdaşları – Orxan Zamanov, Nuranə Musayeva, Türkan Əliyeva, Nurlanə Həsənova və I dönəm “Könüllülük proqramı”nda müsbət olaraq fərqlənmiş təcrübəli könüllülərin dəstəyi ilə həyata keçirilmişdir. Müsahibələrin təşkilində I dönəmin könüllüləri yaxından dəstəyi işin keyfiyyətinə və nizamlılığına müsbət təsir göstərmişdir.

25 oktyabr 2025-ci il tarixində isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdə yerləşən Muzey-sərgi zalında könüllülər üçün ilk təlim proqramına start verildi. Müsahibə mərhələsinin yekunu olaraq 207 könüllü münsiflər tərəfindən seçilərək “Təlim-Treyninqlər”ə cəlb olundular. İlk təlim dərsləri institutun İçərişəhərdə yerləşən Muzey-Sərgi Zalında təşkil olunmuşdu. Dərslər institutun “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri Orxan Zamanov və AMEA Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mircavid Ağalarov tərəfindən tədris edilmişdir. Tədris prosesi əyaniliyin təmin edilməsi və təcrübə proqramının bilavasitə gerçəkləşəcəyi məkanı daha yaxşı mənimsənilməsi üçün Muzey-Sərgi Zalında təşkil olunmuşdur. Gələcək təlim dərslərinin AMEA-nın əsas binasında, Arxeologiya və Antropologiya İnstitutunun təcrübəli arxeoloqları və digər elmi müəssisələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilməsi planlaşdırılır.