Azərbaycan arxeologiya elminin tanınmış simalarından biri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Rəsul oğlu Əliyev 1955-ci il may ayının 30-da Ağcabədi rayonunun Kəbirli kəndində anadan olub. 1977-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1978-ci ildən indiyədək Azərbaycan MEA Arxeologiya və Antropologiya İnstitutunda çalışır. O, 1981-1985-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında arxeologiya ixtisası üzrə təhsil almışdır. 1988-ci ildə Sankt-Peterburqda (Rusiya) arxeologiya ixtisası üzrə “Azərbaycanərazisində siklopik tikililər” adlı dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1994-cü ildən Çöl tədqiqatları şöbəsininmüdiridir. Gəncə-Qazax, Talış-Muğan, Quba-Xaçmaz arxeoloji ekspedisiyalarının çöl tədqiqatlarında iştirak edib. 2008-ci ildən Mil-Qarabağ ekspedisiyasına rəhbərlik edir. 2009-2016-cı illərdə Azərbaycan-Almaniya birgə ekspedisiyasının Azərbaycan tərəfindən rəhbəri olub. 2013-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2-ci “Şuşa qrantı” müsabiqəsinin qalibi və layihə rəhbəri kimi Qarabağda Nərgiztəpə arxeoloji abidələr kompleksində (Xocavənd r-nu) tədqiqat aparıb.

İşğal altında olan Azərbaycan Respublikasının əraziləri azad olunduqdan sonra Təvəkkül Əliyevin rəhbərliyi altında ekspedisiyalar 2023-2024-cü illərdə Zəngilan rayonundakı Şəhri Şərifan şəhər yerində və Şahbulaq Abidələr Kompleksində tədqiqatlar aparmışdır.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir. 7 kitabın və 140-dan çox elmi məqalənin müəllifidir. O cümlədən, xaricdə iki kitabı (müştərək) və 14 məqaləsi nəşr olunub. Əsas elmi tədqiqat obyekti Tunc və Erkən Dəmir dövrü abidələridir. Neolit-Xalkolit, Antik və Orta əsrlərə aid əsərləri var. Berlin, Varşava, Tbilisi, Moskva, Seul və b. şəhərlərdə keçirilən elmi konfranslarda iştirak edib.

T.R.Əliyev elmi işlərlə yanaşı, pedaqoji fəliyyətlə məşğul olaraq interaktiv təlim üsullarının Azərbaycan məktəblərində yayılmasında, təhsillə bağlı bir sıra layihələrin həyata keçirilməsində, tarix proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin sədri kimi 2002-ci ildə Bakıda Avropa Tarix müəllimlərinin (EUROKLİO) beynəlxalq konfransının keçirilməsində rolu olub. AR Təhsil Nazirliyinin (2010-2013) və TQDK-nın (1997-2015) tarix fənni üzrə eksperti qismində fəaliyyət göstərib.

Hal-hazırda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Çöl tədqiqatlarının montorinqi və qiymətləndirilməsi şöbəsinin müdiridir.