Azərbaycan arxeologiya elminin tanınmış simalarından biri, tarix elmləri doktoru, professor Tarix Meyrut oğlu Dostiyev 1955-ci il martın 23-də Bakı şəhərinin Zabrat qəsəbəsində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1982-1984-cü illərdə Moskva Dövlət Universitetinin Arxeologiya kafedrasında təcrübəçi-tədqiqatçı olmuş, orta əsrlər arxeologiyası üzrə ixtisaslaşmışdır. 1988-ci ildə Moskva Dövlət Universitetinin nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri (IX-III əsrlər)” adlı tədqiqat dissertasiyasını müdafiə edir. Şabran, Quba-Xaçmaz, Müşkür və Şəmkir arxeoloji ekspedisiyalarının iştirakçısı və rəhbəri olmuşdur.

Eyni zamanda 2000-ci illərdən Şəmkir orta əsr şəhərində uzun müddət tədqiqat  aparan arxeoloji ekspedisiyanın rəhbəri olmuşdur.

2004-cü ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (tarixi-arxeoloji tədqiqatlar)” doktorluq dissertasiyasını müdafiə edir.

Arxeologiya və Antropologiya İnstitutunun “Arxeoloji irs” jurnalının redaksiya heyətinin üzvü, Xəzər Universitetinin “Azərbaycan arxeologiyası” jurnalının baş redaktorunun müavinidir.

Eyni zamanda professor Tarix Dostiyev BDU, Xəzər Universiteti kimi ali məktəblərin pedoqoji heyətinin üzvüdür. Hal-hazırda möhtərəm professor T.Dostiyev Bakı Dövlət Universitetinin “Arxeologiya və Etnoqrafiya” kafedrasının müdiridir.

Professor T.Dostiyev 3 monoqrafiya, 3 kataloq, 2 dərs vəsaiti, 190 elmi məqalənin müəllifidir. Alimin 30 elmi əsəri isə xaricdə dərc olunub.

Çoxcildli “Azərbaycan Arxeologiyası” külliyatının VI cildinin əsas müəllifi və cildin məsul redaktorudur.

Görkəmli alimin əsas tədqiqat sahəsi Azərbaycanın orta əsr şəhərlərinin və kəndlərinin, həmçinin, mülki monumental memarlığın tədqiqidir.

Beynəlxalq elmi çevrələrində Azərbaycanın orta əsr İslam arxeologiyası üzrə aparıcı mütəxəssis kimi tanınmış professor T.Dostiyev Rusiya Federasiyasında, Gürcüstanda, Qırğızıstanda, Türkmənistanda, İran İslam Respublikasında və d. ölkələrdə keçirilən beynəlxalq elmi konqres, konfrans və simpoziumlarda apardığı tədqiqatların yekunlarına həsr edilmiş məruzələrlə Azərbaycan arxeologiya elmini təmsil edib.

2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Yorulmaz tədqiqatçı, beynəlxalq elmi çevrələrdə tanınan Tarix Dostiyev tədqiqatçı alim həmkarları, eyni zamanda ali məktəb pedaqoq və tələbə kollektivləri arasında böyük hörmətə malikdir. Öz biliyi, yüksək əxlaqi prinsiplərə köklənmiş davranışı, təmkinli, ciddi və eyni zamanda mehriban xarakteri ilə həmkarları çevrəsində dərin hörmətlə qarşılanan professor Tarix Dostiyevin 70 illik yubileyi ilə əlaqədar AMEA Arxeologiya və Antropologiya İnstitutun rəhbərliyi və kollektivi görkəmli alimi təbrik edir, ona can sağlığı, uzun ömür, elmi tədqiqat və pedoqoji  fəaliyyətində uğurlar arzulayır!