“Tarixdən əvvəlki Azərbaycan” mövzusunda görüş keçirilib
“Archeology Azerbaijan” Vətəndaş Təşəbbüs qrupunun təşkilatçılığı və Etnoqrafik Tədqiqatlara Dəstək İB-nin dəstəyi ilə 22 fevral tarixində “Tarixdən əvvəlki Azərbaycan” mövzusunda görüş keçirilib.
Tədbirin qonağı AMEA Arxeologiya və Antropologiya İnstitutunun t.ü.f.d., dosent, arxeoloq Azad Zeynalov olub.
Görüş zamanı Azərbaycanın tarixdən əvvəlki dövrlərinə dair arxeoloji tədqiqatlar, qədim insan məskənləri, maddi-mədəniyyət nümunələri və aparılan elmi araşdırmaların nəticələri barədə geniş təqdimat edilib. Məruzəçi ibtidai icma quruluşunun xüsusiyyətləri, ilkin əmək alətləri və regionun qədim mədəniyyətlərinin formalaşması haqqında ətraflı məlumat verib.
Tədbirdə arxeologiyaya həvəsi olan gənclər, universitet tələbələri, o cümlədən, Qərbi Kaspi Universitetinin akademik heyəti və tələbələri iştirak ediblər.
Seminar interaktiv formatda təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər. Görüş dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda gələcəkdə bu kimi elmi-maarifləndirici görüşlərin davamlı təşkili və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Archeology Azerbaijan” VTQ və Etnoqrafik Tədqiqatlara Dəstək İB milli-mədəni irsin qorunması və arxeoloji biliklərin təbliği istiqamətində fəaliyyətlərini davam etdirirlər.
























