AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun (Türk Arkeoloji ve Kültürel Miras Enstitüsü, Gaziantep şəhəri) başqanı Prof. Dr. Şaban Doğanı və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi, İqlim Fəaliyyəti Birliyinin üzvü, arxeoloq Burcu Bilir`i qəbul etdi.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev türkiyəli qonaqları salamlayaraq rəhbəri olduğu elmi-tədqiqat müəssisəsinin dəvətini qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi. Daha sonra Fərhad Quliyev Arxeologiya və Antropologiya İnstitutu barədə qonaqlara geniş məlumat verdi. Söz alan Prof. Dr. Şaban Doğan Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verərək, qeyd etdi ki, yeni yaradılmış elmi müəssisənin əsas məqsədi — Türkiyədən kənarda, türk respublikalarında arxeoloji tədqiqatların aparılması, ümumtürk tarixi üçün əlamətdar abidələrin tədqiqi və türk respublikalarındakı arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlığın qurulmasıdır. Artıq bu il Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanda birgə arxeoloji tədqiqatların aparılması planlaşdırılır. Bütün bu təşəbbüslərə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi vardır. “Eyni zamanda türk respublikalarının arxeoloqları ilə təcrübə və bilik bölgüsü, türk respublikalarından olan gənc arxeoloqları Türkiyədə aparılan qazıntılarda iştiraka dəvət – institutumuzun fəaliyyətinin əsas məqsədlərindən biridir” – deyə Prof. Dr. Şaban Doğan bildirdi. Bu təşəbbüsü yüksək qiymətləndirərək Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev xüsusi olaraq vurğuladı ki, Prof. Dr. Şaban Doğanın rəhbərlik etdiyi institutun yaradılması – türk respublikalarını elmi və ictimai məkanda yaxınlaşdıran faktorlardan biri olacaq, “bu, Türkiyə Cümhuriyyətinin türk birliyi istiqamətində strateji layihələrindən biridir və biz bunu çoxdan gözləyirdik”.

Xanım Burcu Bilir öz çıxışında Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun yaradılması tarixindən, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin elmi müəssisəyə dəstəyindən söz açdı. Burcu Bilir qeyd etdi ki, institutun yaradılması Türk Arxeologiyası və Mədəni İrs Fondu haqqında 7439 saylı Qanunun qəbul edilməsi ilə təsbit olunmuşdur.

Daha sonra F.Quliyev və Ş.Doğan Azərbaycan Respublikası ərazisində abidələr və arxeoloji tədqiqatlar mövzusuna toxundular. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğalçılar tərəfindən türk-islam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələri tərəfindən planlaşdırılan arxeoloji tədqiqatlar barədə fikirlərlə bölüşdülər. Qarşılıqlı əməkdaşlığın istiqamətləri, mövcud problemlər və onların çözümü istiqamətində görüş iştirakçıları fikir mübadiləsi apardılar.

Görüşün sonunda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun başqanı Prof. Dr. Şaban Doğan rəhbəri olduqları elmi-tədqiqat müəssisələrinin qarşılıqlı əməkdaşlığı haqqında memorandumu imzaladılar.

Daha sonra AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə rəhbəri, t.ü.f.d., dosent Bəhlul İbrahimli qonaqları 2025-ci ilin arxeoloji tədqiqat mövsümündə Xaraba Gilan şəhər yerində Elxanilər dövrünə aid II memorial komleksin (Naxçıvan MR, Ordubad rayonu) 1 saylı türbəsinin sərdabəsində aşkar edilmiş unikal toxuculuq nümunələri ilə tanış etdi.