2025-ci ilin mayın 29-da Xəzər Universitetinin Nizami korpusunda saat 15:00-da Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin Tarix və Arxeologiya departamentinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi ekspozisiyanın təşkili” şöbəsinin ortaq təşkilatçılığı və Xəzər Universitetinin İctimai Əlaqələr və Media Qurumunun dəstəyilə “Antik dövrdə Qərb və Şərq sivilizasiyaları: əlaqələr, təsirlər və baxışlar” adlı elmi-tədris seminarı təşkil olunmuşdur. Seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi İşlər üzrə direktor müavini, tarix elmləri doktoru Zaur Həsənov və Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin müəllimi, PhD Rüxsarə Quliyeva çıxış etmişdir. Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin Tarix və Arxeologiya departamentinin müəllimi və AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri v.i.e. Orxan Zamanovun moderatorluğu ilə mütəxəssislərin qədim sivilizasiyalar ilə bağlı məsələlərə həsr olunmuş təqdimatları Xəzər Universiteti tələbələrinə və qonaqlara elmi-akademik yeniliklərin və müasir tədqiqatların təbliği məqsədi daşıyır.

Zaur Həsənovun bilavasitə tədqiqat sahəsi ilə bağlı təqdim etdiyi “Klassik mənbələrdə skiflər və digər şərq xalqları” adlı mühazirəsi diqqətlə dinlənilmiş və iştirakçıların marağına səbəb olmuşdur. Mövzu Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin tarix və tarix-coğrafiya müəllimliyi tələbələrinə “Qədim Dünya tarixi 2” fənni çərçivəsində antik sivilizasiyaların tədqiqində müasir gedişatı və elmi yenilikləri bilavasitə tədqiqatçılar tərəfindən açıqlanması baxımından müəyyən edilmişdir.

Rüxsarə Quliyevanın təqdim etdiyi “Roma respublikasında dövlət idarəçiliyi” adlı mühazirə Qədim Roma cəmiyyətində dövlətçilik və idarəçilik münasibətlərinin kökləri, formalaşması, təşəkkülü və təkamülünün tələbələrə mütəxəssis gözü ilə aşılanması məqsədi ilə müəyyən edilmişdir. Bəhs edilən mövzu tədris ilə bilavasitə bağlı olub tələbələrin fənn üzrə biliklərinin və antik sivilizasiyalar ilə bağlı dünyagörüşünün inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir çox saylı sualların cavablandırılması və maraqlı diskusiya ilə müşayət olundu. Xüsusi maraqla qarşılanan mühazirənin sonunda geniş müzakirə aparılmışdır. Tələbələrlə xatirə fotosu çəkdirilmiş və gələcəkdə bənzər seminarların təşkili arzu olunmuşdur.