Xocalı şəhidləri anıldı
2026-cı il 26 fevral tarixində Arxeologiya və Antropologiya İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Zaur Həsənov tədbiri açaraq Xocalıda erməni işğalçıları tərəfindən törədilmiş soyqırımı XX əsrdə baş vermiş ən böyük bəşəri cinayətlərdən biri kimi qiymətləndirdi. Zaur Həsənov qeyd etdi ki, soyqırım Azərbaycandakı siyasi sabitsizlik, beynəlxalq informasiya vasitələrinə çıxışların olmaması fonunda baş verdi. Lakin Ümummilli Lider Heydər Əliyevin və onun davamçısı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fədakar mübarizəsi nəticəsində Azərbaycan xalqı nəinki informasiya blokadasını yardı, həmçinin, torpaqlarımız azad edildi və Xocalı, Bağanis Ayrım, Qaradağlı, Ağdaban və d. soyqırımların qisası erməni işğalçılarından alındı.
“Həsrətində olduğumuz bu torpaqlarımızda AMEA Arxeologiya və Antropologiya İnstitutu üç istiqamətdə tədqiqatlar aparmaqdadır: ilk növbədə, itkin düşmüş soydaşlarımızın axtarışları, ikincisi, erməni vandalizminin, xalqımıza qarşı mədəni soyqırım faktlarının qeydiyyatı və üçüncüsü, arxeoloji tədqiqatlar”. Zaur Həsənovun təklifi ilə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra tarix elmləri doktoru, professor Hidayət Cəfərov çıxış edərək XX əsrin 80-ci illərində Xocalıda apardığı tədqiqatlardan, torpaqlarımız azad edildikdən sonra oradakı tarixi abidələrin erməni işğalçıları tərəfindən dağıdılmasının şahidi olduğundan söz açdı. Həmçinin, professor H.Cəfərov Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə Leyla Əliyevanın başçılığı altında beynəlxalq miqyasda aparılmış “Xocalıya ədalət” kampaniyasının mühüm nəticələrini qeyd etdi.
İnstitutun “Məhkəmə arxeologiyası” şöbəsinin müdiri t.ü.f.d. Akif Quliyev aidiyyatı dövlət qurumları ilə birgə itkin düşmüş soydaşlarımızın axtarılması istiqamətində görülmüş işlərdən söz açdı. Öz çıxışında A.Quliyev Xocalı qətliamında və ümumiyyətlə, I Qarabağ müharibəsində erməni işğalçılarına əsir düşmüş və işgəncələrlə qətlə yetirilmiş soydaşlarımızın qalıqlarının tədqiq edilməsinin mənəvi cəhətdən nə qədər ağır olduğunu vurğuladı.
İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent, antropoloq Dmitriy Kiriçenko Xocalı ərazisində aparılan elmi tədqiqatlar barədə çıxış etdi. “Aparılan tədqiqatlar şəhidlərimizin ruhuna bizim ithafımızdır” – deyə D.Kiriçenko çıxışının sonunda vurğuladı.
İnstitutun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Pərviz Qasımov 2023-cü ilin sonu və 2024-ci ilin əvvəlində Xocalı nekropolu ərazisində aparılan ilkin arxeoloji kəşfiyyat və ölçmə işləri zamanı erməni vandalizmini göstərən faktlardan söz açdı.
I Qarabağ Müharibəsinin iştirakçısı, İnstitutun Mülki müdafiə qərargahının rəisi Aqil Seyidov çıxışında erməni işğalçılarının dinc azərbaycanlı əhaliyə qarşı Xocalıda törətdiyi vəhşilik barədə həqiqətlərin indiki və gələcək nəsillərimizin genetik yaddaşına ötürülməsinin vacibliyi mövzusu barədə danışdı.
İnstitutun şöbə müdiri t.ü.f.d. Təvəkkül Əliyev Xocalı faciəsinin baş verdiyi həmin günlər barədə xatirələrini dilə gətirdi. T.Əliyev Azərbaycan cəmiyyətinin faciənin ilk günlərində o dövrkü respublika rəhbərliyi tərəfindən informasiya qıtlığına məruz qaldığını bildirdi. T.Əliyev bildirdi ki, müstəqil dövlətimizin güclü orduya malik olması və 1903, 1905, 1918-ci illərdə baş vermiş, həmçinin, Xocalı kimi qətliamların daim xatrılanması faciələrimizin təkrar olunmasının qarşısını alan amillərdir.
















